Müqəddimədən nəhayi kamala aparan vektor


Digərləri 01 Avq 2020 22:10:00 200 0

Müqəddimədən nəhayi kamala aparan vektor

Bismilləhir-Rahmənir-Rahim!

Ötən bəhslərimizdə qeyd etdik ki, kamal elə bir anlayışdır ki, onun o qədər aydınlığı var ki, izaha, tərifə xüsusi bir ehtiyacı yoxdur. Bəlkə bunun əksini desək, daha aydın olar. Bunun əksi - nöqsandır. Hər kəs bilir ki, nöqsan nədir və kamal da məhz onun əksidir. Toxunduq ki, bir şey də ola bilər ki, bir varlıq üçün kamal olsun, digər varlıq üçün nöqsan olsun. Ümumiyyətlə isə bir şey ola bilər ki, hansısa varlıq üçün nə kamal, nə nöqsan olsun, onun bu xüsusiyyəti daşıma qabiliyyəti və istedadı olmasın.

Varlığın mahiyyəti unudulanda...

Kamallar özü-özlüyündə hər bir varlığın kimliyini, mahiyyətini, varlığın olma sərhədlərini müəyyən edir. Varlıq olma potensialı, gücü, imkanları maksimal dərəcədə nədirsə, kamal qəbuledici potensial qüvvələr də oradan qaynaqlanır.

Biz bir varlığı bu cür tanımasaq, varlıqla necə davrana bilərik? Təqribən Covid-19 ilə necə davranılırsa, o cür davranılar. Bilinmir necə yaranıb, necə inkişaf edir, necə yayılır və s. Hər şey hazırda təqribi hesablamalar üzərindədir.

Hələ bunun özü bir empirik, laborator mövzudur. İndi söhbət elə bir varlıqdan gedir ki, yalnızca cisim deyil, maddə deyil. Onun varlığı yalnız maddədən ibarət deyil. Maddə üstündə olan bir varlıq var və kimliyi də onunla müəyyənləşir. Görün bu varlığı tanımadan, əslərdir bu varlığın başına nə oyunlar açılır!

Bu varlıq üçün qurulan iqtisadiyyat, siyasət, ictimaiyyət, mənfəətlər, ləzzətlər nə qədər bu varlığın mahiyyəti unudularaq edilir?! Bu varlığı tanımadan, bu varlıq üçün - insan üçün nə etmək mümkündür?

Bu varlıq üçün verilən təhsil, tərbiyə, təlim, məktəb, universitet hər şeyi verir, amma onun özündən başqa. Onun cismani məsələlərini, maddi məsələlərini həll edir, amma kimliyi və ruhu ilə bağlı bir mövzu yoxdur. Dünya antropoloji bir dönüş nöqtəsini yaşayır. İnsanşünaslıqla bağlı fırtına dövrü yaşanır. Bu cür davam etməməli və yeni dünya düzəni qurulmalıdır. İnsan mehvərli bir dünya düzəni qurulmaqdadır. Biz bu istiqamətdə addımlamalıyıq.

İnsanın kamal potensialı var

Dediyimiz kimi, hər bir varlığın özünün bir kamal potensialı var. Misal üçün, insanın kamal duyma potensialı var. İnsan ləzzət duya, ləzzət ala bilir. Ləzzətlərin misdaqları, nümunələri fərqlənir. Ola bilər insan hansısa komandanın qalib gəlməsindən ləzzət alır, ola bilər sərgidə bir tabloya baxarkən ləzzət alır, ola bilər valideyninin ziyarətinə gedəndə ləzzət alır, ola bilər bunların hər üçündə də ləzzət alır...

Mövzumuz bunların yaxşı və ya pisliyində deyil. İnsanın ləzzət duyma potensialı, ləzzət duyma qüvvəsi var. İnsanın qüdrətə can atma, idraka, elmə, bilgiyə can atma qüvvəsi var. Bunlar haqqında geniş danışacağıq.

İnsanın kamil varlıq olaraq yetişməsi, potensialının üzə çıxması, kamala doğru hərəkətlənməsi üçün biz onun kamallarını tanımalıyıq. Bəli, belə bir insanın içərisində diqqət etdikdə görəcəyik ki, kamallar arasında bir müqəddimə və həqiqilik bölgüləri də var.

Cəmadət və nəbatətin kamalı

Bəhsimiz - kamalların silsiləsidir. Biz misallardan başlasaq, daha aydın başa düşərik. Ağacı bir daşla və ya torpaq kəsəyi ilə müqayisə edək. Müqayisə edəndə görəcəyik ki, bir ağacın malik olduğu potensial qüvvəsi bir daş kəsəyindən fərqlidir. Nəhayətən çox sadə dillə desək, bir ağac bar verir, meyvə verir, bir daş və torpaq isə özlüyündə meyvə vermir. Bəlli olur ki, bir ağacın və bir daşın molekulyar, atom quruluşu eyni olsa da belə, amma ağac nəbatətə aid olduğu üçün torpaqdan və daşdan üstün bir vəziyyətdədir. Ağacın özünün bəlli bir nəhayi kamalı var və bir təkamül yolu var. O, toxum olaraq əkildikdə, doğrudur ki, torpağın içərisində, daşın-kəsəyin kənarında, sudan qidalanaraq, havadan alaraq inkişaf edir. Amma onun öz inkişaf yolu var. O, inkişaf edəcək, artacaq, küləyə dözəcək, bütün mərhələlərdə dözəcək və bir gün bar verəcək. Budaqlar artdıqca yarpaqlar artacaq, uğurlu bağban onun inkişafını lazımi kimi yönəldəcək, bir gün ağac bar verəcək. Bu zaman deyirlər ki, bu ağac öz kamalına çatdı və bu ağacı bütün qeyri nəbatətdən fərqləndirmiş olur. Əslində bu, çox diqqət olunmalı mövzudur.

Biz bir qədər də irəli getdikcə, heyvana gəldikdə, heyvanda öncəki cəmadətə - cansız əşyalar aləminə, nəbatətə - bitkilər aləminə aid kamallar mövcuddur. Amma bir heyvanın daş-kəsəkdən, torpaqdan, bitkilərdən üstün bir halı var. Heyvanın bəlli potensial kamalları, bəlli kamal qəbul edən qüvvələri var ki, onlar bitkidə, torpaqda yoxdur. Bu, heyvanı həm cəmadətdən, həm nəbatətdən fərqləndirir. Heyvanın bioloji varlıq olaraq nəhayi kamalı -  özünəməxsusdur. Misal üçün, sürətli bir atın özünəməxsus nəhayi kamalı var - onun sürəti, özünəməxsus hərəkəti, hissiyyatı var. Həmin at onlara çatırsa, kamala çatmış olur və bu kamal öncəki mərhələdə yoxdur.

İnsanın digər varlıqlardan əsas fərqi

Nəhayət, gəlib insana çatırıq. İnsan bir varlıqdır ki, kainatın, varlıq aləminin ən üstünü, ən alisidir. Özündən öncəki bütün varlıqlardan onda kamallar var. Amma, insanın nəhayi kamalı bunlar deyil. İnsanın kamil insan olmaq üçün potensialları var. Onun kamil insan olmaq potensialında iradə, şüur, dərk, seçim, anlama, bəsirət, tədbir, isar, fədakarlıq və s. var.

Bütün bu potensialların fırtınasında üzə çıxan gözəlliklər, digər varlıqlarda yoxdur. Onlar bunlara görə məsuliyyətli də deyillər. Onlardan niyə fədakar, isarlı, əxlaqlı, təqvalı və s. olmadıqları soruşulmayacaq. Onların buna uyğun potensial qüvvələri yoxdur. Amma insan məsuliyyətlidir, çünki buna uyğun potensialları var. Ona görə insan əgər tənəzzül etsə, ən aşağı edər, əgər təkamül etsə, mələkdən də ucaya yüksələr.

Buradan çıxan mühüm nəticə budur ki, hər bir varlıq öz kimlik və mahiyyətinə görə öz kamal sərhədlərini tanısa, bilər ki, onu həqiqi kamala aparan qüvvələri hansılardır və bilər ki, müqəddimə, keçid kamallar hansılardır. Bu zaman keçid kamallarında ilişməz. Necə ki, insan on bir illik məktəbdə ilişib qalmır, sevimli məktəbindən bir gün ayrılır. Bu, hər bir insanın keçməli olduğu bir keçid mərhələsidir.

O cür də hər mərhələnin öz mövzusu var. On üç yaşında olan uşaq üç yaşında olan uşağın hərəkətlərini etsə, qəribə görünər. Ola bilsin ki, hər bir hərəkət öz yaşında bir kamaldır, amma əsil kamala, həqiqi kamala doğru aparmaq üçündür. Ən pisi o olar ki, nəhayi kamalı tanımayaq və ya qəflət edək, unudaq, heç bilməyək biz kimik, nə üçünük, nə ola bilərik. O zaman nə etməlilərimiz də lokal, imitasion, süni, ötəri və keçici şeylərə görə olar.

Mərhələli gedən proses

Növbəti mövzumuz - istikmalı hərəkət, kamala doğru hərəkətdir. Kamala doğru hərəkət nəyə deyilir? Bir varlıq üçün tədrici dəyişmələrdən ibarətdir. İstikmali hərəkət zamanı, kamala doğru hərəkət vaxtı tədrici dəyişmələr baş verir. Ani, qəfil deyil, bir mərhələdən ibarət deyil, baş verib və bitən bir mövzu deyil. İstikmali hərəkət - mərhələ-mərhələ, addım-adım gedilən prosesdir.

Bir varlıqda bu tədrici dəyişmələr prosesi gedərkən bu varlığın içərisində olan qüvvələr, istedadlar ki, var onlar potensial haldan kinetik hala, istedad halından realizə olunmuş vəziyyətə gətirib çıxardır. Həmin istedadlar potensialdan kinetik hala keçərkən, bu, bütün kənar amillərlə təmasda ən optimal halı yaşayaraq baş verir. Bütün şəraitin içərisində ən münbit hala uyğunlaşaraq baş verir.

Bir varlığın istikmali hərəkətinin baş verməsi üçün onun içində olan kamal qüvvələri, mühərrikləri tanınmalı və işə salınmalıdır. Bunlar işə düşərkən, varlığın kənarında olan istikmali hərəkət üçün münbit olan bütün kənar amillərlə birlikdə toplanır, bütün kənarda olan faktor və şəraitlərlə birləşir. Bu zamanda o varlığın istedad halında olan kamala çatma vəziyyəti həyata keçmiş vəziyyətə doğru, feiliyyət durumuna keçid edir. Bu tədrici dəyişmələr zamanı bu istedadlar addım-addım, mərhələ-mərhələ üzə çıxır. Kamal keyfiyyətlərinin insanda təzahür tapması tədrici dəyişmələr zamanında meydana çıxır. Bütün bu prosesə istikmalı hərəkət, kamala doğru hərəkət deyilir.

Biz bu istikmali hərəkətin mahiyyətini anlasaq, özümüzdə də bu prosesə diqqət edərik və fərqində olarıq. Anlayarıq ki, heç nə birdən-birə baş vermir və tədrici, mərhələ-mərhələ kamala doğru olur. Bu, baş verərsə, çox böyük nəticələr olar.

Buğdanın misalında istikmali hərəkət

Nəzəri hissəni bir misalla tamamlamaq faydalı olar. Misal üçün, bir buğda dənəsi ilə bağlı mövzumuzu izah edək. Mütəxəssislər bir buğda dənindən neçə sünbül çıxması barədə müxtəlif fikirlərə malikdir. Bu, buğdanın növünə görə də fərqlənir. Amma ideal keyfiyyətli növlər var ki, ondan hətta yetmiş-səksən dənə də sünbül əmələ gələ bilər. Hər sünbüldə də orta hesabla yeddi-on arasında buğda dəni olur. Ona görə ümumən deyilə bilinər ki, bir buğda dənindən yeni yeddi yüz dənə buğda dəni əmələ gəlir.

İstikmalı hərəkətdə, kamala doğru hərəkət prosesində bir buğda dənindən yeddi yüz buğdanın əmələ gəlmə potensialı var. Bir və yeddi yüz arasındakı fərqə diqqət edək. Əgər insan buğdanı tanımasa, buğdanın bu keyfiyyətini, tutumunu, qabiliyyətini bilməsə, bunun mahiyyətini tutmaz. Buğda tanındıqda və bilinəndə ki, bir buğdanın əkini, biçini o zaman uğurlu sayılır ki, bu nəticələrə gətirib çıxarsın, bu növün qabiliyyəti budur, bu qədər nəticələr verə bilər və onun nəhayi kamalı budur - insan onun nəhayi kamalına doğru gedib çıxmağa çalışar. Ona görə də əslində buğdanın misalında istikmali hərəkətə diqqət edək.

Buğdanın içində bu kamala doğru gedən qüvvə, potensial var. Sünbüllər meydana çıxara bilir və sünbüllərdən çoxlu dənlər meydana çıxa bilir. Bu proses üçün onun torpağın altına düşmək şəraiti lazımdır. Bu, onun üçün xarici amildir. Onun suyu, havası, istilik və hərarəti lazımdır. Bunlar da xarici amillərdir. Diqqət etsək, özünün tutum və potensialı, üstəlik xarici amillər rol oynayır. Həmin buğda dəni gəlib torpaqdan çıxır, əvvəl gövdə, sonra yarpaqlar, sünbüllər və hər sünbülün də nə qədər dəni əmələ gəlir. Bir dənədən neçə yüz dənəyə çevrilir. Bir buğda bu mərhələni keçərsə, deyərlər ki, buğda dəni öz istikmali hərəkətində özünün verə biləcək potensialını ortaya qoydu, potensial istedadları passiv fazadan aktiv fazaya keçdi.

Biz insanı da bu mənada tanımalıyıq. Bilməliyik ki, bizim hansı qüvvələrimiz var və hansını işə salsaq, nə nəticələr çıxa bilər. İçimizdə hansı kamal mühərrikləri var və hər biri kamala doğru necə inkişaf edib potensial haldan kinetik hala keçərsə, hansı bəhrələr meydana gələr? Biz kim ola bilərik?

Bu nəhayi kamalımızı təsəvvür etsək, içimizdəki o qüvvələri, kənar qüvvələri, münbit şəraiti və tədrici dəyişmələr zamanı bütün bu qüvvələrin işə düşməsindən meydana gələn nəticələri anlasaq, demək ki, istikmali hərəkəti, kamala doğru hərəkəti anlamışıq. Özümüzü tanımaq istəyiriksə, mühərrikləri bilək, tanıyaq, işə salaq, kənar amillərlə tutuşduraq, münbit şəraitdə nəhayi kamala gedib çataq.

Allah Təala bizləri bu mübarək işdə müvəffəq etsin! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof