Abşeron RİHdən satdığı soğanı yandıranla bağlı


Digərləri 01 Avq 2020 15:25:00 210 0

Abşeron RİHdən satdığı soğanı yandıranla bağlı

Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonunun Masazır kəndində meyvə-tərəvəz satışı ilə məşğul olan Vüqar Əzizov tərəfindən RİH-in adıçəkilən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənova etiraz əlaməti  olaraq satdığı soğanı yandırması ilə bağlı videogörüntülər yayılıb.

Son.az xəbər verir ki, bu barədə qafqazinfo-ya Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.

"Məsələ ilə əlaqədar bildiririk ki, müəyyən olunmamış yerlərdə ərzaq və kənd təsərrüfatı məhsullarının satılması, küçə ticarəti ilə məşğul olmaq ətraf mühitin çirklənməsi, mərkəzi küçə və prospektlərin estetik gözəlliyinə xələl gətirməsi, insanların  sağlamlığına ziyan olmaqla yanaşı, eyni zamanda da qanunla qadağandır.

Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmamış yerlərdə malların satılması inzibati məsuliyyət müəyyən edir. Bununla əlaqədar olaraq Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Həsənov tərəfindən qanunamüvafiq olaraq satıcı V.Əzizova küçə ticarətinin dayandırılması və ərazinin təmizlənməsi ilə bağlı xabərdarlıq edilib. V.Əzizov isə qanunun tələblərinə riayət etməkdən imtina edib və satdığı soğanı yandırıb.

Öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün belə şantaj vasitələrindən istifadə olunması yolverilməzdir. Rayon İcra Hakimiyyəti tərəfindən bu kimi qanunsuz əməllərin, küçə ticarətinin və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması istiqamətində bundan sonra da qanunamüvafiq tədbirlər həyata  keçiriləcək.