"Əhalinin bir qismi hələ də virusa qarşı həssasdır, onların yoluxması qaçılmazdır"


Digərləri 31 İyl 2020 13:46:00 145 0

"Əhalinin bir qismi hələ də virusa qarşı həssasdır, onların yoluxması qaçılmazdır"

Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirirəm. Bu, mənim şəxsi fikrim deyil, bu, istər rəqəmlərdə, istər ölkəmizə təşrif buyuran əcnəbi mütəxəssislər, xarici şirkətlərin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. 

Bunu Son.az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Həkim-infeksionist bildirib ki, yoluxma sayının artması, yaxud azalması hər ölkənin verdiyi qərar və strategiyaya bağlıdır:

"Hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatının üzvləri ölkəmizdədir, bir sıra xarici ölkələrdən həkimlər ölkəmizdədir, onların da mövqeyini dinləsək, onlar da dövlətin koronavirusla mübarizə sahəsində gördüyü işləri, aldığı qərarları, dövlətin bugünkü gün səhiyyəyə verdiyi dəstəyi çox yüksək qiymətləndirirlər.

Azərbaycanda koronavirusa yoluxanların sayının xeyli aşağı düşməsinin səbəbi dövlətin qərarları və strategiyası ilə bağlıdır. Yoluxma sayının artması, yaxud azalması hər ölkənin verdiyi qərar və strategiyaya bağlı olaraq dəyişə bilir. Biz daha geriya baxdığımızda koronavirusun dünyaya yayıldığı Çin, Avropada ən çox bu virusdan əziyyət çəkən İtaliya, Almaniya, İspaniyada pik yaşanan müddətdə bizim ölkədə yenə rəqəmlərin sayı çox aşağı idi. Çünki bu, ciddi karantin rejiminə bağlı idi. Ciddi karantin rejimi müddətində bu rəqəmləri müəyyən bir sayın altında tutmaq, müəyyən bir stabil rəqəmləri qoruyub saxlamaq mümkün olur. Həmin ölkələr də artıq bir müddət öz piklərini yaşadıqdan sonra karantin rejimi tətbiq etdilər, yoluxma sayları aşağı düşdü və karantin rejimindən çıxandan sonra təbii haldır ki, hətta Çinin bəzi şəhərlərində yoluxma sıfırlanmış olsa belə, yenidən bu alovlanma ikinci dalğa olaraq özünü göstərdi. Bu, normal bir şeydir. Çünki əhalinin müəyyən bir qismi bu virusa yoluxub, sağalıb. Digər qismi hələ də virusa qarşı həssasdır, onların yoluxması qaçılmazdır. Bir nəfər də olsa belə, o, ətrafındakıları yoluxdura-yoluxdura o sayın artmağına xidmət edir.

Bu xəstəlikdir, bundan birdəfəlik qurtulmaq, bir ölkə keçirdi, yoluxma rəqəmini sıfırladı, bir də bu virusdan yoluxma olmayacaq deyə bir şey yoxdur. Onu heç kəs öncədən sığortalaya bilməz".

Təhməz Təkin Son.az