ÜST koronavirusun yeni ştammı barədə məlumatı şərh edib


Dünya 29 İyl 2020 19:18:00 141 0

ÜST koronavirusun yeni ştammı barədə məlumatı şərh edib

Vyetnamın Dananq şəhərində COVID-19 infeksiyasının yayılması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin narahatlığına səbəb olmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin Vyetnamdakı nümayəndəsi Kidon Park burada aşkarlanan SARS-CoV-2 koronavirus ştammının yoluxuculuq baxımından digərlərindən fərqlənmədiyini deyib. "Bu virus növlərinin mutasiyaya uğramasına baxmayaraq, narahatlıq üçün heç bir əsas yoxdur. Əldə olunan məlumata görə, COVID-19 infeksiyasının yoluxuculuğu və təhlükə dərəcəsi dəyişməyib", - o bildirib.

Bir qədər əvvəl Vyetnam hökuməti sahilyanı Dananq şəhərində və yaxın əyalətlərdə koronavirus infeksiyasının yayılmasına əvvəllər ölkədə rast gəlinməyən yeni virus növünün səbəb olduğu barədə məlumat yaymışdı. Yerli ekspertlər bu ştammın tez bir zamanda ağır vəziyyətə keçdiyi üçün koronavirusun əvvəllər məlum olan tiplərindən daha aqressiv ola biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, son beş gün ərzində Dananq şəhərində koronavirusa 29 yeni yoluxma halı qeydə alınıb.