Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." MÜSAHİBƏ FOTO


Digərləri 29 İyl 2020 04:03:00 196 0

Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..."  MÜSAHİBƏ  FOTO

Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən.

Generalmızın yadigarı, bəlkə də onu hamıdan yaxşı tanıyan ömür yoldaşı Ofelya xanımla həmsöhbət olduq. Dildə deyil, əməlində qoruduğu, sevdiyi Vətən boyda Polad bəyi yenidən xatırladıq.

Son.az publika.az-a istinadən şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Həşimovanın müsahibəsini təqdim edir.

- Ofelya xanım, generalımızın şəhidlik zirvəsinə ucaldığını eşidən kimi informasiya vasitələri onun haqqında xəbərlər paylaşmağa başladı. Haqqında nə fotolar, nə də dolğun məlumata rast gəldik...

- Poladın sağlığında nə vikipediyada, nə sosial şəbəkələrdə, nə də digər saytlarda haqqında məlumata rast gələrdiniz. Tutaq ki, gecədən hansısa informasiya vasitəsi haqqında məlumat paylaşırdı. Ertəsi gün zəng vurub, öncə minnətdarlığını bildirər, sonra da deyərdi ki, yazını silin, qələbə günü paylaşarsınız. Mən də onun yolu ilə getməyə çalışıram. İstəyirəm ki, hər şey onun ürəyincə olsun.

- Hər ikinizin siması nurludur. Bir-birinizə o qədər bənzəyirsiniz ki... Xarakteriniz də bənzəyirdi?

- Doğrudur, çox bənzəyirik. Həm də Poladla birgə yaşadıqca, sanki eyniləşirdik, ona oxşamağa başlayırdım. O, lider təbiətli insan idi. Ağıllı, polad iradəli idi. Özünü o qədər inkişaf etdirmişdi ki, hər sahədə bacarığı vardı, və təsirinə düşməmək mümkünsüz idi. Hər sahənin bilicisi idi... Dadlı yeməklər hazırlayırdı. Elmə, təhsilə dərin maraq göstərirdi. Hərb sahəsində oxumadığı ədəbiyyat yox idi. Evimizdə o qədər kitab var ki, bəzən qoymağa yer tapmırdıq. İncəsənətə, musiqiyə də marağı vardı. Hər şeydə olduğu kimi musiqinin də keyfiyyətlisinə önəm verirdi.

- Hansı musiqiləri daha çox dinləyirdi?

- Klassik əsərləri, xalq mahnılarımızı daha çox sevirdi. Mədəniyyət kanalında efirə gedən konsertləri izləyirdi. Özü internet isifadəçisi deyildi, uşaqlardan xahiş edirdi ki, Bethovenin əsərlərini tapıb ona dinlətsinlər. Özünü o qədər mükəmməlləşdirmiş insan idi ki, getdikcə sehrinə düşüb, Polad Həşimova çevrildim.

- Taleyimiz haqda dəqiq bildiyimiz bir proqnoz var - ölüm. Hərbçi ilə həyatını quran insan bu faktı daha real dərk edir. Lakin bilmək və yaşamaq tam fərqli ağrılardır. Əmin olun ki, yaşadığınız itki hamımızındır.

- Hərbçi xanımlarının beynində bir yaddaş yeri olur. Anlayırsan ki, həyat yoldaşının əsas amalı vətən uğrunda canından keçməkdir. Xüsusən də Poladın ailəsi üçün bu məqam gözlənilirdi. Çünki hər zaman ön cərgədə idi. Səngərdə vəziyyət gərginləşən kimi ilk sırada o gedirdi. Hamı geri dönsə də, o, gəlmirdi. Qəribədir ki, son vaxtlar bunu durmadan mənə xatırladırdı. Onsuz da gözəl siması vardı. Amma sanki üzünə nur çökmüşdü. Tez-tez deyirdi, bir gün mən olmayacam. Özünü həmin günə hazırla. Lakin dediyiniz kimi düşünmək başqa, yaşamaq tam başqa...Və bir gün qapı açılır, hamı içəri girib bir ağızdan deyir: "Poladı gətiririk".

Biz ailə qurduğumuz gündən bəri heç vaxt ayrı qalmamışıq. Hansı hərbi hissəyə xidmətə yollansa, rayon, kənd, fərq etməz, məni də özü ilə aparıb. Hətta bəzən elə kənd oludu ki, mənə deyirdi, bax bu ərazidə səndən başqa heç kim yoxdur. O qədər gözəl qarşılıqlı münasibətimiz, sevgimiz, hörmətimiz vardı ki, bütün çətinliklərin öhdəsindən gəlirdik. Qarşımdakı insanın mərdliyinə heyranlığım heç vaxt imkan verməyib ki, yorulub rudan düşüm.

- Yəni Polad Vətənə ön cəbhədə, sizsə arxa cəbhədə xidmət etmisiniz...

- Uşaq vaxtından valideynlərimdən də eşidirdim ki, bir kişinin uğurlarında yanındakı qadının da rolu var. Bakı Dövlət Univerisitetinin riyaziyyat-informatika ixtisası üzrə bakalavr və magistr təhsili almışam. Təhsilimi bitirəndən sonra universitetdə qalıb çalışmaq arzusunda idim. Lakin Poladla tanış olandan sonra anladım ki, belə güclü insanın yanında özü kimi qadın olmalıdır. Yəni mən ondan uzaqda elmi fəaliyyətimlə məşğul olsam, yarım qalacaq. Əslində Polad üçün çox böyük işlər də görmürdüm. Amma ailəsindən güc alırdı. Bizim bir ənənəmiz vardı. Axşamlar çay süfrəsi ətrafında toplaşırdıq. Özü də çayı balaca oğlumuz Teymura dəmlədirdi. Övladları ilə gözəl zaman keçirdirdi. Hər dəfə evdən çıxıb cəbhəyə yollananda, o qədər enerjili, xoşbəxt gedirdi ki, indi dərk edirəm ki, yəqin biz onu xoşbəxt edə bilirdik. Bilirsiniz, Polad o qədər gözəl həyat yoldaşı idi ki, sanki mən onunla 17 yox 77 il birgə yaşamışam.

- Necə tanış olmuşdunuz?

- Bu sualı bizə verəndə, həmişə gülümsəyib deyirdik, Polad Murov dağın başında, mənsə Universitet kitabxanasında... Necə tanış ola bilərdik?! Ailələrindən məni görüb bəyənmişdilər. Poladın 28 yaşı vardı, mənsə magistraturanın ikinci kursunda oxuyurdum. Hər ikimiz qərar verdik ki, öncə görüşüb danışmaq mütləqdir. Universitetin həyətinə gəldi. Gördüm ki, üzü nurlu, çox ədəbli isandır. Bir saata yaxın danışdıq, gözünü qaldırıb, üzümə baxmadı. Amma hərbçilərə məxsus məxfilik, sirr vardı cümlələrində. Açıq şəkildə dedim, yəqin bizim münasibətimiz alınmayacaq. Çünki anlaşa bilməyəcəyik. Siz çox sirli danışırsınız. Gəlin, elə hərəmiz öz yolumuza qayıdaq. Poladdan ayrılıb, geri qayıdanda, gördüm arxamca gəlir.

"Yaxşı, bəlkə gedib, bir yerdə oturub söhbətimizə davam edək?"

Həmin məqamda anladım ki, qarşısında hərbçi olmadığının fərqinə varıb, və mənimlə münasibət qurmağı ürəkdən istəyir.

- Ailəniz hamımıza çox doğmadır, örnəkdir.

- Çox sağ olun. Ümumiyyətlə düşünürəm ki, ailə vacib şərtdir. Bu tarixən belə olub. Güclü ailə güclü cəmiyyət deməkdir. Güclü cəmiyyəti olan dövlət isə qüdrətlidir. Xüsusən də ailənin təməli qadındır. Sırf buna görə həmişə istəmişəm ki, qızlarımız təhsilli olsunlar. Şərt o deyil ki, universitet bitirsinlər. Qoy peşə məktəbində oxusunlar. Cəmiyyətdə özlərinə yer tuta bilsinlər. Halal qazancları olsun. Qadın nə qədər güclüdürsə, cəmiyyətə daha faydalı övlad bəxş də bilər. Hərbçi yoldaşları təsdiqləyər. Biz Poladla ən soyuq bölgələrimizdə taxta evvlərdə yaşamışıq. Mən hər şeyə tab gətirirdim. Çünki yanımdakı insanın vətən sevgisinə, mənəviyyatına əmin idim. Polad peşəsi üçün hər şeyindən imtina etmişdi. İnanın, özünə paltar almağa da qıymırdı. Övladlarımız böyüdükcə, təkid etməyə başladılar ki, ay ata, sən də özünə təzə paltar al. Daim hərbi formada, ayaqqabıları toz-palçıq içində qayıdardı səngərdən. Çox şərəfli yaşadı.

- Bizim təsəvvürümüzdə qüsursuz general modeli formalaşdırdı Polad Həşimov.

- Hər dəfə maaşını alıb gəlirdi evə. Aylıq qida ehtiyacımızın siyahısını tuturdum. Onları üçün pul ayırıb yerdə qalanını hərbi hissəyə aparırdı ki, əsgərlər üçün hamam tikirəm, yol çəkirəm. Deməyimə ehtiyac yoxdur, çünki hamı bilir. Mətbəxdə qab yuduğum vasitənı götürüb aparırdı ki, əsgərlərin əlləri yara olur. Qabları bununla yusunlar. Bir müddət Daşkəsəndə briqada komandiri oldu. Həmin bölgə çox soyuq olur. Paltarı yuyurduq, bəlkə aylarla qurumurdu. Amma yun köynəklərinin hamısını əsgərlərinə payladığı üçün cəmi bir geyimi qalırdı. Bəzən qurumayanda da o soyuqda lap nazik geyinib gedirdi. Uzunboğaz çəkmələri su içində olurdu, amma ikinci cütü olmadığına görə yaş ayaqqabı geyinirdı. Çünki hamısını əsgərlərinə paylayırdı. Polad xalqın sevgisini rütbəsi ilə yox, bu cəhətlərinə görə qazanmışdı. Hətta ona verilən evi şəhid ailəsinə hədiyyə etdiyini də ölümündən sonra öyrəndik. Bizim illər boyu arzumuz vardı ki, maaşlarımızı toplayıb ev alaq. Bu evi də kreditlə almışdıq. Amma məni sıxıntıdan uzaq tutmaq üçün ev xərclərimiz haqda danışmırdı. Bir yandan da əsgərlərini düşünürdü.

- 3 övladınız var?

- Bəli. Bir qızımız, iki oğlumuz.