Qadına görə başına bəla gələn məşhurlar:


Digərləri 11 İyl 2020 18:18:00 168 0

Qadına görə başına bəla gələn məşhurlar:

Son.az Kulis.az-a istinadən Emin Pirinin "Mikayıl Müşfiq qadına görə öldürülüb" adlı yazısını təqdim edir.

Biz nə qədər ideoloji, milli, bəşəri anlamlar verməyə çalışsaq da, bəzi qərarlar, məhz o qərarların yaratdığı ideoloji, milli, bəşəri görüntülər şəxsi travmalar, hislər, eqo, özünü isbatlamaq, qisas istəyindən başqa bir şey deyil.

Hitlerindən Napoleonuna, Oktavian Avqustundan Misir fironlarına kimi tarix kitablarının bizə öyrətdiyi siyasət, tarixi gedişat bəzi hallarda travmaların, hislərin, eqonun yaratdığı situasiyalardır.

Mədə və seks. İnsan varlığının başlanğıcından ta indiyə kimi həyat bu iki ehtiyacın təminatı və bunun uğrundakı mübariz fonunda qurulub. Yaxud keçmişin bu cür təminatsızlığının qisasını almaq üzərində gedən gələcəyin ideoloji, şəxsi savaşları...

Bəli, məhz mədə və seks. İstər milliyətçi, istər əksi olan ideologiyaların alt qatında sənin və dəyər verdiklərinin bu iki əsasda başqalarından daha çox təmin edilməsini düşünməyin durur. Düşünməsən belə, insan xislətində yatan, özünə belə etiraf etməyə qorxduğu, vəhşi canlı həmişə oyaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi bu iki təminatsızlıq gələcəkdə ideologiyayla pərdələnərək qisasa, daha geniş formatda isə dünya tarixinin, xəritələrin dəyişməsinə rəvac verir.

Napoleon kimi bir şəxsin, hər halda Rusiyada planları başqa cür ola bilərdi. Zamansız kişilik eqosu, onu hirslə Rusiya buzlaqlarına aparmasaydı, hər şey dəyişə bilərdi. Əlbəttə ki, Rusiya şahzadəsinə etdiyi evlilik təklifinə cavab olaraq "Korsika qurbağası" damğasıyla alçaldılmasaydı. Çar bacısının - bir qadının "yox" cavabı idi kişilik eqosunda boğulan Napoleonu zamansız Rusiya çöllərində sərgərdan edən - "mən Napoleonam və səninlə məhz öz evində, Kremlin taxtında sevişəcəm", düşüncəsinin yaratdığı eqo və kişilik qüruru.

Gələcəyin böyük potenasiallı liderinin sevdiyi biri ilə evlənmək ömür boyu çiynində Demokl qılıncı gəzdirməkdir. Böyük imperator Oktavian Avqustun sevdiyi qadınla evlənən əyan oğlunu dövlətə xəyanətdə ittiham edərək edam etdirməsi kimi.