Macar ekspert öz ölkəsində koronavirusdan ölüm göstəricisinin aşağı olmasının səbəbini izah edib


Dünya 06 İyl 2020 22:24:00 180 0

Macar ekspert öz ölkəsində koronavirusdan ölüm göstəricisinin aşağı olmasının səbəbini izah edib

Macarıstanda gün ərzində koronavirusa yoluxma sayları yenidən artdığına baxmayaraq, bu ölkədə ölüm göstəricisi Qərbi Avropanın digər ölkələri ilə müqayisədə aşağı səviyyədə qalır.

Son.az bildirir ki, Macarıstanlı alim Qabor Kiş AZƏRTAC-a müsahibəsində bu vəziyyətin səbəbini izah edib.

Onun fikrincə, Macarıstanda koronavirusdan ölüm hallarının aşağı səviyyəsi bununla bağlıdır ki, burada yoluxanlar arasında yaşı 65-dən çox olanların sayı xeyli azdır. Q.Kiş hesab edir ki, koronavirus epidemiyasından əvvəl ölkənin bütün səhiyyə sisteminin yüksək hazırlıq vəziyyətinə gətirilməsi öz müsbət təsirini göstərib.

Ekspert deyib: "Həmişə zaman hər şeyi həll edir. Bu dəfə də zaman amili həlledici rol oynadı.

İtaliya, İspaniya və Böyük Britaniyada qat-qat pis epidemioloji vəziyyət müşahidə olunurdu. Məsələn, İtaliyada yaşlı nəslə mənsub insanlar arasında yoluxma faizi yüksək idi. Xəstələrin müalicə edilməsi üçün çarpayı yeri çatışmırdı, həkimlər hamıya kömək edə bilmirdilər. Macarıstanda isə pandemiyanın başlanğıc mərhələsində vəziyyət nəzarətə götürüldü. Hakimiyyət orqanları vaxtında karantin tətbiq etdilər və yaşlı insanların yoluxma riskini minimuma endirə bildilər. Son statistik məlumatlara görə, Macarıstanda koronavirusdan ölənlərin sayı əhalinin hər milyon nəfərinə 61 nəfərdir. Bu, kifayət qədər aşağı göstəricidir".