Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir kafe aşkarlandı FOTO


Digərləri 06 İyl 2020 20:50:00 146 0

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir kafe aşkarlandı  FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən fiziki şəxs Nəsibov Rasim Həsən oğluna məxsus Qazax şəhəri, H.Əliyev prospekti, 170 B ünvanında yerləşən "Məkan" ictimai iaşə müəssisəsinə baxış keçirilib.

Agentlikdən Son.az-a verilən məlumata görə, yoxalama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydaların tələblərinə əməl olunmadığı, soyuducuda gündəlik istifadə olunan ərzaq məhsullarının mal qonşuluğu prinsipinə riayət edilmədən və temperatur rejimi gözlənilmədən saxlanıldığı müəyyən olunub. Eyni zamanda gündəlik istifadə edilən qab və digər məişət avadanlıqlarının vaxtında təmizlənib dezinfeksiya edilmədiyi aşkarlanıb.

Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə yuma və bişirilmə sahəsi eyni yerdə təşkil edildiyi üçün qidaların hazırlanması zamanı çarpaz çirklənmə riski artır.

Yoxlama zamanı Agentlik əməkdaşlarına müəssisədə çalışan işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmələri barədə müvafiq sənədlər təqdim edilməyib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.