Koronavirus testinin nəticəsinə inanmaq olarmı?


Digərləri 24 İyn 2020 14:24:00 214 0

Koronavirus testinin nəticəsinə inanmaq olarmı?

ARB TV əməkdaşları paytaxtdakı klinikalardan birinə yollanıblar. Görünən mənzərə isə ürəkaçan olmayıb. Belə ki, COVİD-19 virusu ilə bağlı test verməyə gələn şəxslər klinikanın qarşısında toplaşıblar. Onlardan kimisi özü öz istəyilə gəlib, kimisi isə işlədiyi yerdən, şirkətdən göndərilib. Son.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb. Sakin: "Boğazım ağrıyır. Nələrsə hiss etməyə başlayıram. Həm də ailə var, uşaq var. Ona görə gəlirəm ki, əvvəlcədən tədbir görülsün". Sakin: "Bizi şirkətdən göndəriblər. Şirkətə gəlib yerində test ediblər. Biz 3 nəfər həmin vaxt orda olmamışıq. İndi 3 nəfəri bu gün göndərdilər ki, gedin testdən keçin". Bakıda fəaliyyət göstərən 3 özəl klinikanın laboratoriyasında COVİD-19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır. Aytac Kərimli - Klinikanın sözcüsü: "Qəbul bir neçə formada aparılır. TƏBİB tərəfindən bizə yönləndirilmiş hazır materiallar da ola bilər. Eyni zamanda bildiyiniz kimi artıq uçuşlar öncəsi də pasiyentlər bizə müraciət edə bilir. Xüsusi şəraitdə analiz götürüb, onlara arayış veririk. Eyni zamanda pozitiv və ya neqativ nəticə haqda məlumat veririk. Özəl şirkətlər, təşkilatlar tərəfindən korporativ müraciətlər də bizə olunur". Müayinələri aparan klinikalar özəl olduğundan, testlərin qiymətlərini də onlar müəyyən edir. Aytac Kərimli - Klinikanın sözcüsü: "Mərkəzimizdə aparılan testlərin qiyməti 100 azn-dir. Xüsusi olaraq yaxma müayinəsi götürülür. Nəticələr 24 saat ərzində hazır olur. 24 saatdan sonra pasientə məlumat yönləndirilir". Bəs COVİD-19 virusu ilə bağlı aparılan test nəticələrinə inanmaq olarmı? Adil Qeybulla - Həkim: "Testlərə güvənmək lazım deyil. Yəni bizim müşahidələrimiz göstərir ki, ağciyərində buzlu şüşə sindromu olan konkret COVİD-in əlaməti olan xeyli xəstədə test neqativ çıxıb. Test xeyli də arxayn sala bilər. Hec bir əlaməti olmayan xəstə var ki, test müsbətdir". Mütəxəssislər əhaliyə səhhətinə diqqət etməyi, təngnəfəslik, qızdırma, halsızlıq və bənzər hallar olduğu halda həkimə müraciət etməyi məsləhət görür. Adil Qeybulla - Həkim: "Ev müalicəsində olan xəstələr də nəzarətdə olmalıdır. Yəni bu sistemi təşkil etmək lazımdır. O baxımdan da testlərə çox da güvənmək lazım deyil. Nəzərə alsaq ki, COVİD testləri yeni formalaşıb, bunların çoxunun keyfiyyət parametrləri elə yüksək deyil. Hər halda keyfiyyət parametrlərinə güvən o qədər yoxdur". Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva isə bildirdi ki, həmin laboratoriyaların müayinəyə görə nəticələri dövlət tərəfindən təsdiqlənib. Bu klinikalar xarici ölkələrə uçuş üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər. Xatırladaq ki, bu günlərdə həmin klinikalardan birində COVİD-19 testindən keçən vətəndaşın test nəticəsi pozitiv çıxsa da, ona neqativ olduğu bildirilib. Lakin klinika TƏBİB-ə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib. Vətəndaşın müraciətindən sonra klinika açıqlama yayaraq, əməkdaşların texniki səhvə yol verdiklərini, sənəddə pozitiv əvəzinə neqativ yazıldığı bildirilib.

Son.az