Boeing 737 MAXın istehsalına yenidən başlayıb FOTO


Digərləri 06 İyn 2020 19:30:00 220 0

Boeing 737 MAXın istehsalına yenidən başlayıb  FOTO

Onsuz da, bir il yarımdır ki, çətin günlər yaşayan Boeing aviasiya sahəsinin tamamilə çökdüyü, şirkətlərin bir-birinin ardınca iflas etdiyi dövrdə deyəsən yaxşı xəbər alıb. Ya da ki, onlara xüsusi vəhy gəlib. Çünki bu qərarı anlamaq üçün başqa səbəb tapmaq çətindir.

Son.az autograph.az-a istinadən bildirir ki, 6 ay fasilə ilə iki ölümcül qəza etməsi, qəzalara da təyyarədəki bir sistemin (MCAS) səbəb olması keçən ilin martında bütün MAX-lara uçuş qadağasının qoyulması ilə nəticələnmişdi. Bir çox şirkət sifarişlərdən imtina etsə də, aviasiya tarixinin ən çox sifariş edilən təyyarələrindən biri olması Boeing-i istehsalı davam etdirməyə məcbur edirdi.

Lakin hazır təyyarələrin park edilməsinin əsl problemə çevrilməsi və digər modellər üçün maddi vəsaitə ehtiyac duyulması şirkəti bu ilin əvvəlində MAX-ın istehsalını müvəqqəti dayandırmağa sövq etdi. Hazırda işlərə yenidən start verilib. Xatırladaq ki, şirkətin əlində müştərilərə təhvil verilməmiş 400 ədəd bu təyyarədən var.

Şirkətdən ayda neçə ədəd MAX istehsal olunacağı barədə məlumat verilməsə də, bildirilib ki, etibarlılıq və keyfiyyətə hər zamankından daha çox fikir veriləcək. MAX-lar yerə endirildikdən sonra da bir sıra problemlər aşkar edilmişdi. Çox güman ki, amerikalı şirkət populyar modelin yenidən uçması üçün sertifikatları ala biləcəyinə çox inanır.