Roknrollun gizli himninin müəllifi...


Digərləri 03 İyn 2020 21:21:00 171 0

Roknrollun gizli himninin müəllifi...

Onun səsi müharibədən sonrakı dövrdə insanları bir udum təmiz hava kimi ovsunlayırdı

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Rok-n-roll janrının yaradıcılarından biri - Littl Riçard 88 yaşında vəfat etdi. "Ulduz müğənninin həyatında "taleyin nişanı" vardı". "Rolling Stone" jurnalının müğənninin oğlu Denni Pennimanın verdiyi xəbər əsasında hazırladığı məqalə məşhur artistin həyat və yaradıcılıq yoluna nəzər salmağa imkan verir. Oğlu bildirib ki, Littl Riçardın ölüm səbəbi, hələlik məlum deyil. 

İngilis müğənnisi və aktyoru Mick Jaqqer "Tvitter"də kədərini bölüşüb: "Littl Riçardın ölümü haqqında eşitmək çox ağırdır. O, gənc yaşlarımda  mənə çox təsir etdi və musiqisi hələ də 1950-ci illərin ortalarında olduğu kimi qüvvətli təsir bağışlayır. Həmişə onun səhnədəki hərəkətlərini izləyərək tamaşaçını necə əyləndirməyi öyrəndim. O, hər zaman məsləhət verməyə hazır idi. Riçard musiqi üçün çox şey etdi. Sənsiz darıxacağam, Ricard..."

Rok-n-rollun gizli himni

Onun mahnıları rok-n-roll janrının klassikası hesab olunur. Kompozisiyaları o vaxtdan bəri başqa müğənnilər tərəfindən də ilhamla oxunur. Onların içərisində ən məşhuru  "Tutti Frutti" ("Hər nə istəsən") mahnısıdır ki, çoxdan bütün dünyada rok-n-rollun gizli himni hesab edilir. Bu kompozisiya hətta dünyaca məşhur Elvis Preslinin ifasında da səslənib. Məhz bu kompozisiya Littl Riçardın ilk hitinə çevrilib. Bu əsər 1955-ci ildə, 22 yaşlı musiqiçinin Hollivudda kult səviyyə sayılan "Speciality Records" səsyazma studiyası ilə müqaviləsindən sonra meydana çıxıb. O vaxtdan başlayaraq artistin başqa studiyalarla da müqavilələri yaranıb və müğənninin "ulduz" saatı başlayıb. İlk səsyazma  Yeni Orleanda prodüser Robert Bamps və "Fetsa Domino" qrupu ilə həyata keçirilir.  Hoteldə nahar fasiləsi zamanı divarın yanında fortepiano  görən Riçard  klavişlərə toxunaraq çoxdan konsertlərdə ifa etdiyi kompozisiyanı səsləndirir. Kafedə oturanlarla yanaşı, prodüserin də reaksiyası heyrətamiz idi. O, kompozisiyanın təcili yazışmasını təklif edir. Bamps kompozisiyanın bütün musiqi sənayesini alt-üst edəcəyinə əmin idi. Ancaq melomanlar musiqini bir qədər təəccüblə qarşılayır. 

İlk satış rəqəmləri onlara nikbinlik üçün əsas vermədi - cəmi 250 plastinka. Ancaq bir həftə ərzində növbəti tiraj 200.000 nüsxə satıldı və qısa müddətdə milyonu ötdü. Rok-n-rollun qızıl mirasına çevrilən hitlər bir-birinin ardınca yarandı: "Long Tall Sally", "Rip It Up",  "Ready Teddy", "She's Got It", "The Girl Can't Help It", "Lucille", "Jenny, Jenny", "Keep A-Knockin"... 

Riçardın səsi müharibədən sonrakı dövrdə insanları bir qurtum təmiz hava kimi insanları ovsunlayırdı. Müğənninin qeyri-adi tərzini başqa ifaçılar da yamsılayırdı.

Həmkarları onun kompozisiyalarını tezliklə təkrarlamağa başladılar. Kompozisiyalar tez bir zamanda Elvis Presli, Baddi Holli, Cerri li Luis, Bob Dilan, Cin Vinsentin ifasında səsləndi. 1967-ci ildə Littl öz karyerasında hitlərdən və emosional kompozisiyalardan ibarət "Here's Little Richard" ("Balaca Riçard burdadır") ən uğurlu və debüt albomunu buraxdı. Belə qarışıq janrlar onun digər albomlarında da göründü.

Narkotik, alkoqol...

Littl Riçard 12 nəfərdən ibarət böyük ailədə doğulmuşdu. "Bacı-qardaşımdan fərqlənmək üçün oxumağa başladım" - deyə uşaqlığını xatırlayırdı. Erkən yaşlarından Yeni Orlean musiqisinin təsiri altına düşərək onları öz fortepiano improvizələrinə köçürmüşdü. Atası gecə klubunda işləyirdi. Ana sədaqətli protestant idi. "Mən gecəqonduda doğulmuşam" - deyə musiqiçi 1970-ci ildə "Rolling Stone" jurnalına verdiyi müsahibədə deyib: "Din həmişə ailəmizin vacib ritualı olmuşdu. Kilsədə keçirilən konsertlərdə iştirak edirdim. Xorda oxuyarkən həmişə birinci sırada dururdum və səsimin gücü diqqəti cəlb edirdi. Beləcə, kilsə xorundakı çıxışlarım musiqiyə marağımı artırdı. Ancaq atam bu həvəsimi dəstəkləmədi. Ailəmiz ağır şəraitdə yaşayırdı. Ona görə, valideynlərim özümə gələcək üçün faydalı sənət seçməyimi istəyirdilər. Yeniyetmə ikən atamla mübahisədən sonra evdən çıxdım. Əlbəttə, həyatım asan olmadı. Qaradərililərə münasibət də fərqli idi. Yaşamaq uğrunda mübarizəmdə seçdiyim musiqi janrı mənə çox kömək elədi. Hətta deyərdim ki, bütün həyatımı dəyişdi". 

Riçard evdən ayrılanda 13 yaşı vardı. Küçələrdə sərgərdan dolaşırdı. Günlərin birində ona sığınacaq verən ağdərili ailə həm də yeniyetməyə gələcək üçün ümidlər bəxş elədi.  Xoşbəxtlikdən, Littl Riçardın yeni valideynləri musiqi klubuna sahib idilər. Bu, yeniyetmənin ifası üçün yeni platforma yaratdı. Beləliklə, Riçard yaradıcılıq üçün əsil azadlıq qazandı. O, əvvəlcə konsertlərin antraktlarında çıxış edirdi. Publika onu nəinki tanımır, heç o qədər də qəbul etmirdi. Qaradərili ifaçı isə həvəsdən düşmürdü. Hardasa "ulduz saatı"nın olacağına inanırdı. Məşhurluq isə "Tutti Frutti" kompozisiyasından sonra onu haqladı və bütün dünyada tanıtdı...

Riçard sərbəst və dağınıq həyat sürürdü. Narkotik, alkoqol, seks-gecələri həyatının üfüqlərini bir-birinə qarışdırmışdı. Onu homoseksual adlandırırdılar. Müğənni bunu etiraf etsə də, 1957-ci ildə Ernestin Harvin adında qadınla evləndi. Övladlığa uşaq da götürdülər.