Həvəskar arxeoloq qədim pterozavrın qalıqlarını aşkarladı


Digərləri 01 İyn 2020 12:53:00 220 0

Həvəskar arxeoloq qədim pterozavrın qalıqlarını aşkarladı

La-Manş boğazındakı Uayt adasının sahilində həvəskar arxeoloq tərəfindən pterozavrlar dəstəsinin qədim tapeyaridlər fəsiləsi nümayəndəsinin çənə sümüyündən kiçik bir hissə aşkarlanıb. BBC-nin məlumatına görə, bu, Britaniya adalarında qeyd olunan fəsilənin ilk nümayəndəsidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Portsmut Universitetinin professoru Devid Martilin fikrincə, bu nümunə adada tapılmış dinozavrların və digər qədim sürünənlərin çoxsaylı qalıqlarını tamamlayıb. Ümumiyyətlə, sözügedən ərazi Təbaşir dövrü dinozavrlarının tədqiqi baxımından dünyada ən mühüm yerlərdən biridir.

Alimlər bildirirlər ki, əvvəllər tapeyaridlər dəstəsinin nümayəndələrini Çində və Braziliyada tapırdılar, lakin Britaniya adalarında yox. İndi isə bu sürünənlərin arealının əvvəl güman edildiyindən də geniş olduğu fikrini söyləmək mümkündür.

Portsmut Universitetinin aspirant-paleontoloqu Meqan Ceykobs bildirib ki, o, həvəskar arxeoloqun tapdığı nümunədə "tapeyaridlər üçün xarakterik, üstündə çoxsaylı, xırda-xırda deşikli (qidanı müəyyən edən hissiyyat orqanları üçün) çənəni" dərhal tanıyıb. Sonra daşlaşmış qalığın növ mənsubiyyəti Portsmut Universitetində təsdiqlənib və Sandaun adasında Dinozavrlar muzeyinə verilib.