Həyat yoldaşının haqqı


Digərləri 31 May 2020 20:10:00 174 1

Həyat yoldaşının haqqı

Allah Təala buyurur: "Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

Başqa yerdə buyurur: "Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur". ("Əraf" 189).

Hədislərə nəzər salaq:

1. Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ey Peyğəmbər! Həqiqətən bu iş qəribədir. Bir kişi elə bir qadınla evlənir ki, nə qadın kişini görmüşdür və nə də qadın onu. Ancaq o zaman ki, evlilik baş verir, kişi ilə qadın dost və həmdəm olurlar". Həzrət Peyğəmbər (s) buyurur: "Allah sizin aranızda mehr və dostluq qərar vermişdir".

2. Muhəmməd ibni Yəhya nəql edir ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: "Peyğəmbər (s) döyüşlərin birindən qayıdırdı və çox sayda insan qətlə yetirilmişdi. Qadınlar yaxınlaşır və ərlərini soruşurdular. Bir qadın yaxınlaşdı və dedi: "Ey Allahın Peyğəmbəri! Filankəsə nə olmuşdur?" Peyğəmbər (s) buyurdu: "O, sənin nəyindir?" Dedi: "Qardaşımdır". Buyurdu: "Allaha şükür et ki, şəhadətə çatmışdır". Həmin qadın həmd edib dedi: "Ey, Allahın Rəsulu! Bəs filankəsə nə oldu?". Buyurdu: "O, sənin nəyindir?" Dedi: "Həyat yoldaşımdır". Buyurdu: "Allaha şükür et ki, o, da şəhid oldu". Qadın fəryad çəkməyə başladı. Peyğəmbər (s) buyurdu: "Güman etməzdim ki, qadın ərini bu qədər çox istəsin".

3. Əhməd nəql edir ki, İmam Kazımdan (ə) eşitmişdim ki, buyurub: "Peyğəmbər (s) Cəhəşin qızına buyurdu: "Dayın Həmzəni öldürdülər". O, həmd etdi. Peyğəmbər (s) buyurdu: "Qardaşını da öldürdülər". O, yenə həmd etdi. Sonra Peyğəmbər (s) buyurdu: "Ərini də öldürdülər". O, əlini başına tutaraq, fəryad çəkdi. Peyğəmbər (s) buyurdu: "Qadın üçün heç bir şey ərinə bərabər deyildir"".