Srağagün 230, dünən 257, bu gün 248...


Digərləri 31 May 2020 17:30:00 154 0

Srağagün 230, dünən 257, bu gün 248...

Azərbaycanda son bir həftə ərzində koronavirusa yoluxma statistikasında rekord göstərici qeydə alınır. Srağagün 230, dünən 257, bu gün isə 248 nəfərdə virus aşkarlanıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rəsmilərin sözlərinə görə, bu rəqəmlər karantin rejiminin yumşaldılması nəticəsində əhalinin ictimai yerlərdə qaydaları pozması nəticəsində ortaya çıxıb. Ölkə daimi qapalı vəziyyətdə, sərt karantin rejimində yaşaya bilməz. Bu zaman iqtisadiyyat çökər, əhali kütləvi yoxsullaşar və böyük böhran yarana bilər. 

Bu gün ölkədə pandemiyanın nəzarətdə saxlanılmasına cavabdeh olan TƏBİB artıq əhaliyə müraciət edərək hər şeyin xalqın əlində olduğunu bildirib. 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı sonuncu brifinqdə qeyd etdi ki, bundan sonrakı yoluxma sürəti vətəndaşların məsuliyyətindən asılıdır:

"Biz yumşalma addımlarını atırıq, amma hər kəs bilməlidir ki, maskadan istifadə və məsafə saxlamaq əsas davranışlarımız olmalıdır. Maskaların taxılmamasına görə ciddi qərarlar qəbul ediləcək. Tələbata uyğun olaraq maska istehsalı da artırılması nəzərdə tutulur. Evdə maska hazırlanması qaydası da əhaliyə təqdim olunub. Bununla bağlı bəhanə gətirilməməlidir". 

Lakin bu açıqlamanın səhəri günü əhalinin bir qismi "Tarqovı"da mini şənlik keçirib. Bir neçə nəfərin təşkilatçılığı ilə uşaqlar günü üçün rəqs təşkil olunub. Bunu izləmək, videoya çəkmək və şənliyə qoşulmaq üçün onlarla vətəndaş iştirakçıya çevrilib. Bu da virusun ən çox yayıldığı Bakıda daha sürətli yayılmaya səbəb olur. Buna görə də hüquq-mühafizə orqanları şənlikdə iştirak edən 50 nəfəri saxlayaraq cərimə edib və cinayət işi başlanıb.