Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı


Digərləri 30 May 2020 13:16:00 174 0

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

"Ümumdünya Səhiyyə Təşkilatı tibbi maskadan istifadəni tövsiyə edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında də tibbi maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən dəyişiklik müzakirə edilib".

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edlən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.