2 milyard dollarlıq ZİYAFƏT Hakimiyyəti məhv edən MƏRASİM?


Digərləri 30 May 2020 09:44:00 194 0

2 milyard dollarlıq ZİYAFƏT  Hakimiyyəti məhv edən MƏRASİM?

Sual qəribə gəlməsin və cavab verməyə də tələsməyək.

... 1971-ci il. İran şahı Məhəmməd Rza Pəhləvi bütün dünyanı heyrətləndirmək qərarına gəlir.

O, ilan mələyən susuz səhrada misli görünməmiş təntənəli ziyafət təşkil edir, dünya ölkələrinin dövlət və hökmət başçılarını, kral və kraliçaları, şahzadələri dəvət edir. 3 gün davam edəcək ziyafət üçün səhrada parkları, fəvvarələri olan vahə salınır.

Çini Mal Szedun, Sovetlər Birliyini - Leonid Brejnev, İspaniyanı - diktator Franko, ABŞ-ı Riçard Nikson idarə edir. Qərb ölkələrində tələbələr Vyetnamdakı savaşa və İran şahına qarşı etiraz edirlər.

1968-ci ildə İran şahının Almaniyaya səfəri kütləvi etiraz aksiyaları yaratmışdı. Səbəb, "Amerikanın kuklası Pəhləvi, rədd ol!" şüarı ilə keçirilən mitinqdə polisin tələbə Benno Onesorqu vurub yıxması idi.

1971-ci il... Persepolda, hökmdar 1-ci Kirin məqbərəsinin yanında İran şahı Məhəmməd Rza Pəhləvi oktyabrın 12-dən 14-dək üç gün təntənəli bayram təşkil etmək niyyətində idi. O, qədim imperiyanın yeni simasını, "çağdaş və qürurlu İranı, mollaların yox, neft ölkəsini" dünyaya göstərmək istəyirdi.

Məhz bu səbəbdən şah Pəhləvi sülaləsinin "İran sivilihasiyasının intibah dövrü" olduğunu nümayiş etdirmək istəyirdi.

Beləcə, bəşər tarixinin ən bahalı və ən uzun ziyafəti baş tutur.

Ziyafətə hazırlıq təxminən bir ilk çəkir. Əsas tədbirlər Əhəmənilər imperiyasının qədim paytaxtı Persepolda, yerdə qalan mərasimlər isə Tehranda və hökmdar Kirin məqbərəsinin olduğu Pasarqadda keçirilir.

Hazırlıq zamanı Persepolun yaxınlığındakı Şiraz şəhərində aeroport tam təmir olunur. Qonaqları gətirəcək təyyarələr həmin aeroporta enəcəkdilər.

Ziyafətin keçiriləcəyi yer ilanlardan və əqrəblərdən təmizlənir.

Təntənəli mərasim 1971-ci ilin oktyabrın 12-də başlanır. Şah Məhəmməd Rza Pəhləvi və xanımı, şahbanu Fərəh Pəhləvi hökmlar Kirin məqbərəsinə baş çəkirlər.

Oktyabrın 14-də isə bayram ziyafəti başlanır. Mərasimdə dünyanın müxtəlif ölkələrindən 600 nəfər vardı ki, onların arasında 60 kral, kraliça, dövlət və hökumət başçıları yer almışdılar.

Bu, sonra olacaqdı.

Hələliksə qayıdaq hazırlıq işlərinə.

Persepolisdə vur-tut üç gün davam edəcək ziyafət üçün nəhəng çadır şəhərciyi inşa olunmuşdu. 0,65 kvadrat kilometrlik ərazisi olan və "Qızıl şəhərcik" adlanan layihənin müəllifi Parisdəki "Maison Jansen" dizayner bürosu idi.

Ənənəvi fars ornamentləri ilə bəzədilmiş lüks 50 çadır ulduz formasında olaraq mərkəzdəki fəvvarənin ətrafında idi. Qədim Persepolisi "canlandırmaq" üçün səhrada Avropadan təyyarələrlə on minlərlə ağac və kol gətirilib əkilmişdi.

Dünyanın ən məşhur restoranlar şəbəkəsi olan "Maxim's de Paris" iki həftəlik qapadılmışdı, çünki Persepolisdəki qonaqlar üçün yemək-içmək hazırlayacaqdı.

120 ofisiant və 40 aşpaz...

Şahla şahbanunun geyimləri "Lanvin" brendinə sifariş verilmişdi. Şiraz aeroportundan qonaqları çadır şəhərciyinə gətirmək, ziyafət başa çatanda da geri aparmaq üçün 250 lüks, qırmızı rəngdə "Mercedes-Benz" alınmışdı.

Ziyafət masalarındakı qab-qacaq "Limoges", çadırlardakı yorğan-döşəklər, dəsmallar isə "Porthault" şirkətinə sifariş verilmişdi.

1971-ci ilin oktyabrı. Səhraya, ilan mələyən məkana 18 ton yemək və içki daşındı.

Qədim Persepolun xərabələri arasında imperatorlar, krallar, prezidentlər və şeyxlər üç gün yeyib-içdilər.

Onlar bilmirdilər ki, viranəlikdəki bu ziyafət İrandakı şah xanədanını viran qoyacaqdı.

Persepolda 50 çadırlıq şəhərciyin mərkəzində uzunu 68, eni 24 metr olan nəhəng ziyafət çadırı quraşdırılmışdı.

Bir il çəkən hazırlıq işlərində çadırlara 37 km uzunluğunda ipək parça sərf olundu.