Dünyanın gözü qarşısında bir dövlət məhv edilir


Digərləri 28 May 2020 19:20:00 141 0

Dünyanın gözü qarşısında bir dövlət məhv edilir

Vaşinqtonun 70 ildən çox davam edən Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı təklif etdiyi plan beynəlxalq ictimaiyyət tərəfindən çox ziddiyyətli qiymətləndirmələr aldı. Sənəddə də deyilən kimi "Əsrin Müqaviləsi"nin əsas müddəaları çərşənbə axşamı günü Ağ Evdə ABŞ prezidenti Donald Tramp və İsrail rejiminin baş naziri Benyamin Netanyahu tərəfindən elan edildi. Bəziləri bunu "ciddi təklif" hesab edir, bəziləri isə hətta, "yazıldığı mürəkkəbə belə dəyməz", - deyə düşünür.

Son.az faktxeber.com-a istinadən bildirir ki, münaqişə edən tərəflərin sənədə verdiyi reaksiya öncədən tamamilə proqnozlaşdırılmşdı və bir-birinin əksi olacağl söylənilmişdi: İsrail rəhbərliyi bu müqaviləni "israillilər üçün parlaq gələcək" vəd etdiyinə inanır, Fələstində isə sənədi "işləməyəcək müqavilə" adlandıraraq tamamilə rədd etdi.

Bununla yanaşı, BMT-də əvvəllər Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş təməl sənədlərə əməl olunmasının vacibliyini qeyd etdilər. BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrikin bildirdiyinə görə, ümumdünya təşkilatı "Fələstin və İsrail arasındakı münaqişənin BMT qətnamələri, beynəlxalq hüquq və ikitərəfli müqavilələr əsasında həllini, habelə bir-birinə qonşu olan iki dövləti - Fələstin və İsraili 1967-ci il sərhədləri əsasında dəstəkləyir."

Moskva hələ də Vaşinqtonun təklifləri barədə susqunluğunu qoruyur. Rusiya Xarici İşlər Nazirliyi "Əsrin Müqaviləsi"ni ətraflı araşdırılacağını bildirərək, hazırda əsas məqamın Fələstinlilərin və digər ərəb ölkələrinin nümayəndələrinin buna münasibəti  olduğunu vurğulayır.

Əməliyyatın mahiyyəti

Ağ Evin saytında dərc olunan 180 səhifəlik sənəd iki hissədən ibarətdir: iqtisadi və siyasi. İqtisadi tərəflər ötən yay elan edildi və siyasi komponentin təfərrüatları yalnız indi məlum oldu.

Plan iki dövlətin qarşılıqlı tanınmasına əsaslanır. Qəzza zolağından və İordan çayının Qərb sahilindən ibarət olan Fələstin ərazisinin yüksək sürətli nəqliyyat əlaqələri ilə ayrılmaz şəkildə birləşdirilməsi təklif olunur. Tramp hesab edir ki, bununla ərəb dövlətinin ərazisi iki qat artırılmalıdır. Eyni zamanda, Trampın dediyi kimi, ABŞ İordan çayının Qərb sahilində işğal edilmiş Fələstin torpaqlarında salınmış yəhudi yaşayış məskənlərinin qanuniliyini tanımaqda qərarlıdır, yəni İsrailin 1967-ci ildən sonra ələ keçirdiyi torpaqları bu şəkildə tanıyacaq. Maraqlıdır ki, hətta ABŞ prezidenti özünün tvitter səhifəsində "müqavilədə" nəzərdə tutduğu gələcək dəyişiklikləri sxematik şəkildə əks etdirən müvafiq xəritə də yerləşdirib.

Sənəddə Qüdsün statusuna xüsusi diqqət yetirilir: Vaşinqton Şərqi Qüdsü ərəb dövlətinin paytaxtı kimi tanımağı təklif edir. Bütövlükdə Qüds isə İsrailin "bölünməz paytaxtı" hesab edilir. Netanyahu bildirir ki, Şərqi Qüds dedikdə söhbət Əbu-Dis şəhərciyindən gedir. Müqayisə üçün deyə bilərik ki, Əbu-Dis şəhərciyinin ərazisi Bakının Nərimanov rayonu qədərdir. Qüdsün ərazisi isə bundan 6 dəfə böyükdür.

Sülh prosesinin şərtləri olaraq Amerika prezidenti Fələstin hakimiyyətinin Qəzzadakı HƏMAS hərəkatını dəstəkləməkdən və silahlı mübarizədən  imtina etməsini irəli sürüb. Eyni zamanda, Vaşinqton birdəfəlik deyil, dörd il müddətinə Fələstin ərazisində yəhudi yaşayış məntəqələrinin inşasının "dondurulmasını" plana daxil edib. Tənzimləmə üçün ABŞ 50 milyard dollar investisiya təklif edir.

Münaqişə tərəfləri

Netanyahu Trampın təkliflərini dəstəkləyib və fələstinlilərlə sülh danışıqlarına dərhal başlamağa hazır olduğunu bildirib. Netanyahunun sözlərinə görə, "razılaşma" "davamlı sülhə real yol" təklif edir. O həmçinin vurğuladı ki, Vaşinqtonun planı "İsrailə özünü qorumaq üçün daimi bir şərq sərhədi verir". Bundan əlavə, İsrailin hökumət radiosunun verdiyi məlumata görə, yəhudi dövlətinin baş naziri fevralın 2-də İsrail suverenliyinin İordan vadisinə və İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məntəqələrinə qədər uzanması məsələsini təsdiq üçün Nazirlər Kabinetinə təqdim etmək niyyətindədir.

Fələstin dövlət başçısı Mahmud Abbas ABŞ prezidentinin planını rədd edib, bunu "işə yaramayan sövdələşmə" adlandırıb. "İsrailin planlarını pozmaq üçün müqavimət cəbhəsinə üstünlük veririk", - deyə əlavə edib. O, beynəlxalq vasitəçilərin dördlüyünün -Rusiya, ABŞ, BMT və Aİ himayəsi altında İsraillə danışıqlara hazır olduğunu da bildirib.

Qəzza sektoruna nəzarət edən HƏMAS hərəkatının sözçüsü Sami Abu Zuhri tvitter səhifəsində, "Tramp və anlaşması tarixin zibil qutusuna gedəcək" və hətta müqavilənin "yazıldığı mürəkkəbə belə dəyməz" olduğunu yazaraq, daha kəskin mövqe sərgiləyib.

"Sülh və bölgə üçün kabus"

"Əsrin müqaviləsi"ni kəskin tənqid edən isə Türkiyə və İran olub. Ankara amerikalıların təklif etdiyi sülh planını "ölü doğulmuş" adlandırın. Türkiyə Xarici İşlər Nazirliyinin xüsusi açıqlamasında, "Vaşinqtonun planı yalnız Fələstin torpaqlarını zəbt etməyə və iki dövlətin birlikdə yaşamaq fikrini məhv etməyə yönəlmiş ilhaqa aiddir. Ankara İsrailin işğalı və zülmünün qanuniləşdirilməsinə yönəlmiş addımlara icazə verməyəcək", - deyə qeyd edilib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də öz növbəsində Ağ Ev sənədini "sülh və bölgə üçün kabus" adlandıraraq, ABŞ-ın təşəbbüsünün bütün müsəlmanların birləşməsi üçün həyəcanverici çağırış olacağına ümid etdiyini bildirib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi də qeyd edib ki, "Tehran bu böyük sui-qəsdə qarşı çıxmaq üçün müsəlman dünyasının birliyi üçün əməkdaşlığa hazırdır".

Livanın Hizbullah Partiyası Ağ Evin sənədini "utancverici plan" adlandırıb. "Əl-Manar" televiziyası tərəfindən yayımlanan Hizbullahın xüsusi bəyanatında,  "Vaşinqtonda baş verənlər arxa planda sui-qəsddə iştirak edən bir sıra ərəb rejimlərinin xəyanətinin nəticəsi idi", - deyə qeyd olunub.

Mövqelərin dəyişməzliyi