‘Lə iləhə illəllah’ zikrinin təsir və bərəkətləri


Digərləri 26 May 2020 19:50:00 168 0

‘Lə iləhə illəllah’ zikrinin təsir və bərəkətləri

Peyğəmbəri-Əkrəm (s) və Əhli-beytdən (ə) bir çox hədis və kəlamlar nəql olunub ki, hər birinin özünəməxsus yeri və qiyməti vardır. Amma deyə bilərik ki, bütün bu hədis və kəlamlar içərisində biz insanlara bəxş edilən ən gözəl hədiyyə və ən dəyərli töhfə bütün səmavi və ilahi maarifin əsli və həqiqətini özündə cəmləşdirən "lə iləhə illəllah" zikridir. Biz burada bu zikrin bəzi təsir və bərəkətlərinə işarə etmək istəyirik ki, bu dəyərli töhfənin qədrini bilək:

1. Allahın ən möhkəm qalası:

İmam Rza (ə) buyurur: Atam Musa mənə babam Cəfərdən, o da Muhəmməddən, o da Əlidən, o da Hüseyndən, o da Əli ibn Əbu Talibdən, o da Peyğəmbəri-Əkrəmdən (s), o da Cəbraildən, o da Allah-Taaladan belə nəql edib:

لا إلهَ إلاَّ اللّه حِصني، فَمَن دَخَلَ حِصني أمِنَ مِن عَذابي

"Lə ilahə illəllah mənim hasarımdır və hasarıma daxil olan kəs əzabımdan amanda qalar." ("Üyunu əxbarir-Riza (ə)", c.2, səh.135, hədis 4.)

2. Ən gözəl ibadət:

Son.az maide.az-a istinadən bildirir ki, İmam Sadiq (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir: "Ən gözəl ibadət "lə iləhə illəllah" zikridir." ("Kafi", c.2, səh.506.)

3. Ən üstün mükafat:

Ravi deyir ki, İmam Baqirdən (ə) belə eşitdim: "Heç bir zikrin savabı "lə iləhə illəllah" zikrinin savaqbına çatmaz, heç bir zikr onun yerini tutmaz və heç bir zikr onunla bərabər ola bilməz." ("Kafi", c.2, səh.516.)

4. "Lə iləhə illəllah" zikrinin savabı - Behiştdə bir ev:

Peyğəmbəri-Əkrəm (s) buyurur: ""Lə iləhə illəllah" deyən şəxsə Behiştdə qırmızı yaqutdan bir ağac əkilər və məhsulu da ağ müşk olar ki, baldan şirin, qardan ağdır və o, ən gözəl ətirdir." ("Kafi", c.2, səh.517.)

5. Allah dərgahında ən sevimli əməl:

Ravi deyir ki, İmam Baqir (ə) və yaxud İmam Sadiqdən (ə) belə eşitdim: ""Lə iləhə illəllah" və "Allahu-əkbər" - zikrlərini çox deyin. Çünki Allah dərgahında "lə iləhə illəllah" və "Allahu-əkbər"dən sevimli zikr yoxdur." ("Kafi", c.2, səh.506.)