Hava dəyişkənliyi necə baş verir?


Digərləri 26 May 2020 16:31:00 193 0

Hava dəyişkənliyi necə baş verir?

Bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar. Hava dəyişkənliyi bir çox hadisələrlə, Abşeron yarımadasında adətən xoşagəlməyən güclü küləklərlə, respublikanın rayonlarında, xüsusilə dağlıq və dağətəyi rayonlarda isə ildırım, dolu və leysan yağışlarla müşayiət olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, havada dəyişkənlik fiziki xüsusiyyətlərinə görə tamamilə fərqli hava kütlələrinin daima yerdəyişməsi səbəbindən yaranır: "Bu, ona görə baş verir ki, bizim planetin hər bir ərazisi günəş tərəfindən həm müxtəlif bucaq altında qızdırılır, həm də Yer səthi qeyri-bərabər örtüyə malikdir. Hər saat haradasa güclənən və ya səngiyən siklonların, antisiklonların və atmosfer cəbhələrinin yaranması hava kütlələri ilə əlaqəlidir".

U.Tağıyeva qeyd edib ki, faktiki hava üzərində müşahidə növbəti dövr üzrə proqnoz üçün vacib informasiya hesab olunur: "Böyükhəcmli informasiyaları superkompüterlər emal edir və hesablama aparırlar. Lakin, insan iştirakı olmadan keçinmək mümkün olmur. Kompüter proqramı sinoptikin əməyini yalnız yüngülləşdirir, lakin onu əvəz etmir".

Xidmət rəisi bildirib ki, yaz dövründə kifayət qədər tez-tez lokal, kütlədaxili proseslər müşahidə olunur. Onlar həm də relyefin xüsusiyyətlərinə görə müəyyənləşdirilir ki, bunu da kompüter modelləri sadəcə olaraq nəzərə almaq iqtidarında deyillər: "Bax, elə yaxın günlərdə, demək olar ki, mayın axırınadək temperaturun aşağı düşməsi və güclü küləklə müşayiət olunan frontal proseslər gözlənilmir. Mülayim küləkli yumşaq hava proqnozlaşdırılır. Havanın temperaturu gündən-günə yüksələcək. Lakin, həmin kütlədaxili proseslər istisna deyil. Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında yer səthi kifayət qədər qızdığı zaman, yaz-yay dövrü üçün səciyyəvi olan iri həcmdə, sürətlə yaranan və yuxarı təbəqələrə qalxan məhz isti hava kütlələri nəticəsində dolunun yaranması üçün şərait yetişir. Bu proseslər bir qayda olaraq, bir neçə dəqiqə davam edir və müəyyən zolaqlar üzrə lokal ərazini tutur".