Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə Naxçıvanqala FOTO


Digərləri 26 May 2020 08:53:00 149 0

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə  Naxçıvanqala  FOTO

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, tarixin bütün dövrlərinə aid bu ərazidə zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin mühüm əhəmiyyəti var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdi. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə burada "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilib.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində xalqımız tarixin bütün dövrlərində zəngin mədəniyyət və memarlıq nümunələri yaradıb. Tarixi araşdırmalar göstərir ki, bu memarlıq abidələri arasında özünəməxsus yeri olan Naxçıvanqala yalnız müdafiə məqsədi daşımayıb. Bu qala, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. İlk orta əsrlərə aid mənbələrdə tarixçilər Naxçıvan şəhərini ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edirlər. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri də verilib. Plana əsasən, qala iki hissədən - kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olub. Xalqımız Narınqalanın qalıqlarını günümüzədək qoruyub saxlaya bilib. Daş qatışığı olan möhrədən tikilən qala divarları yarımdairəvi bürclərlə möhkəmləndirilib. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınıb, onların damından döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunub. Ötən əsrin ortalarında Naxçıvanqalada aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar - saxsı qablar və Tunc dövründə duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilib. Bu hadisə sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.

"Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin daxilində fəaliyyət göstərən və orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Bu muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır. Belə abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir.