İctimai işçilərin işə davamiyyəti və əməkhaqqı kartlarının özlərində olubolmaması ciddi yoxlanılır


Digərləri 23 May 2020 13:20:00 142 0

İctimai işçilərin işə davamiyyəti və əməkhaqqı kartlarının özlərində olubolmaması ciddi yoxlanılır

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir. Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, "DOST İş Mərkəzi" işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əmək haqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.

Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən təqdim edilmiş işsiz şəxslərin siyahıları əsasında həmin şəxslər ictimai işlərə (abadlaşdırma, yaşıllaşdırma, təmizlik, ictimai yerlərə qulluq, hazırkı dövrdə dezinfeksiya və s.) cəlb olunur, onlarla "DOST İş Mərkəzi" arasında əmək müqaviləsi bağlanır. Hər bir işçi üçün əməkhaqqı kartı sifariş olunur və kartı yalnız şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan götürür.

İcra hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal təsərrüfat idarə və birlikləri) "DOST İş Mərkəzi" arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür.