Məcburi köçkünləri susuz qoyan ötürötür oyunu


Digərləri 22 May 2020 17:24:00 230 0

Məcburi köçkünləri susuz qoyan ötürötür oyunu

Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış Qobu Park-2 yaşayış kompleksinin sakinləri şikayətçidir. 1300 ailənin məskunlaşdığı kompleksin sakinləri susuzluqdan şikayət edirlər. Daha doğrusu, suyun fasilələrlə verilməsindən. Son.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb. Sakin: "Suyun gəlmə vaxtı yoxdur, yəni bilinmir nə vaxt gəlir, nə vaxt kəsilir". Sakin: "Müntəzəm fasilələrlə gəlsə bilmək olar nə zaman kəsiləcək, nə zaman gələcək. Belə bir şey yoxdur, nə vaxt gəlir, nə vaxt gedir o bunların biləcəyi bir iş olur". Sakin: "Bir də görürsən ki, xəbərsiz kəsdilər. Camaat oruc tutur, iftar vaxtı baxırsan ki, su yoxdur, imsaka durursan su yoxdur. Konkret vaxt yoxdur. Birdən elə olur gecə kəsilir. Suyu pulla alıb gətiririk, evdə hazır su qoyuruq". Ərazidə çalışan "Azərsu" ASC-nin əməkdaşı deyir ki, yaşayış kompleksi üçün nəzərdə tutulan ambarın su ilə təminatında hər hansı problem yoxdur. Suyun fasilələrlə verilməsinə səbəb anbarın texniki avadanlığının nasaz olmasıdır. Səyyad Həsənov - "Azərsu" ASC-nin əməkdaşı: "Nasoslarımızda bir az problem var. Bunu biz "Azərsu" ASC olaraq təhvil-təslim almamışıq. Biz nəzarət edirik sadəcə. Qəza olmasa, hansısa problem olmasa sakinləri fasiləsiz su ilə təchiz etmək olar". Deyilənləri "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı da təsdiq edir. Onun sözlərinə görə, "Qobu Park" yaşayış kompleksi Kür-Bakı su xəttindən ayrılan 280 mm diametrli magistral kəmərdən su ilə təmin olunur. Və bu gün "Azərsu" yaşayış kompleksinin anbarlarını su ilə təmin edir. Anar Cəbrayıllı - "Azərsu" ASC-nin mətbuat katibi: "Anbarlardan sonra orda quraşdırılmış nasosxananın istismarı ilə isə həmin ərazidəki Mənzil İstismar Sahəsi (MİS)  məşğul olur. Yəni bu gün həmin nasosxanalar "Azərsu"nun balansında deyil. Həmin ərazi tərəfimizdən dayanıqlı içməli su ilə təmin olunur". Maraqlısı odur ki, qarşı tərəf isə başqa söz deyir. "Qobu Park" yaşayış kompleksinin sahə rəisi olan şəxs iddia edir ki, onların anbarında hər hansı bir problem yoxdur. Hər şey öz qaydasındadır. Problem "Azərsu"nun anbarı lazımı qədər su ilə təmin etməməsi ilə bağlıdır. Bəli, bir-birini ittiham edən tərəflər, nəticədə əziyyət çəkən, susuz qalan sakinlər. Ümid edək ki, havalar hələ çox qızmadan bu problem öz həllini tapacaq. Yoxsa, bu sakinlər üçün yayın qızmar günlərində susuz qalmaq çox çətin olacaq.

Son.az