Keçmişdən gələcəyə nə daşıyırıq? ON İKİNCİ YAZI


Digərləri 22 May 2020 15:22:14 149 0

Keçmişdən gələcəyə nə daşıyırıq?  ON İKİNCİ YAZI

Fəlsəfi-tarixi-publisist düşüncələrim

Yunus Oğuz

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Yunus Oğuz

   On ikinci yazı Birinci yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/365495 İkinci yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/sosial/366212 Üçüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/367202 Dördüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/368146 Beşinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/369204 Altıncı yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/370131 Yeddinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/372032 Səkkizinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/372741 Doqquzuncu yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/377950 Onuncu yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/378785 On ikinci yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/379514

a) tarix ibrətdir

2. İkinci qüvvə prezident səlahiyyətlərini icra edən Ali Məclisin sədri Yaqub Məmmədov sayılırdı, o da tutduğu vəzifəyə görə idi. Faktiki olaraq o AXC və Nazirlər Soveti tərəfindən çarpaz atəş altında qaldığından özünə heç bir komanda yarada bilmədi. Tez-tez fikirlərində və əməllərində dəyişiklik edən sədrə heç kim ciddi baxmırdı. Məhz onun səhvi ucbatından İranı münaqişənin həlli üçün bu prosesə cəlb etməsi və bu ölkəyə rəsmi səfəri, buradan konfliktin çözülməsinə görə bəyanatlar verilməsi Rusiyanı qıcıqlandırdı. Regionda kimin gücə sahib olması məsələsi özünü çox gözlətmədi. Şuşa və Laçını rusların köməyilə ermənilər işğal etdi. Bir haşiyə də çıxım. Şuşanı əsas qoruyan şəxslərdən biri AXC Şuşa rayon şöbəsinin sədri Ramiz Qəmbər idi. Bu qəhrəman köklü, vətən eşqi ilə yaşayan və vuruşan şuşalı idi. Savadı və döyüşkənliyi ilə seçilirdi. Hərdən Azərbaycan Elmlər Akademiyasına, işlədiyim Fəlsəfə və Hüquq İnstitutuna gəlirdi.

Bakıda çıxan gizli qəzetləri toplayıb ona verirdim, həm də Şuşa rayon şöbəsinin qəzetinin  materiallarını gətirir, mən Bakıda qəzet halına salıb təhvil-təslim edirdim. Hər dəfə də deyirdi ki, burdan apardığım qəzetlər yüz nəfərin işini görür. Deyirdi ki, inşallah bu müharibə qurtarsın hökmən elmlə məşğul olacam, çünki sözün qələbə qazandığı yerdə silahlar susur. Hə, Şuşa alınmamışdan bir neçə gün öncə, səhv etmirəmsə, aprel ayının sonu olardı, o  müəmmalı şəkildə qətlə yetirildi, ya öldürüldü, hələ də bilinmir. Ümumiyyətlə, Şuşanın ermənilər tərəfindən alınması, yaxud təhvil verilməsi hələ də sirri- möcüzə olaraq qalır, baxmayaraq ki, sonralar bununla bağlı gurultulu məhkəmələr oldu, şəhəri qoruya bilmədiyi üçün o zamankı məsul şəxslər həbs olundu. Amma, işin ucunu müstəntiqlər bir yerə çıxara bilmədilər.

3. Üçüncü qüvvə daima qüvvələr arasında manevr edən, Ayaz Mütəllibovdan qalan Nazirlər Kabineti və əksəriyyəti kommunist olan nazirlər idi. Onlar Azərbaycan hökumətinin fəaliyyətinə cavabdeh idilər və istənilən vaxt iqtisadi və siyasi təxribat edə bilirdilər. Onlar heç bir qüvvə ilə üzdə mübarizə aparmırdılar, ancaq alt qatda istənilən məsələyə qulp qoyurdular. Məhz Xalq Cəbhəsinin taktiki səhvi ucbatından, onun hakimiyyətinin ömrü qısa oldu, yəni siyasi hakimiyyət ələ keçirildikdən sonra, növbədə iqtisadi hakimiyyətin ən vacib olan vəzifələrinə sahiblənmək gərək idi. İqtisadi təxribatın, məsələn çörək qıtlığının yaranması və başqa ərzaqların qəhətə çıxması cəbhənin fəaliyyətini xalqın gözündə nüfuzdan saldı. Etiraf etmək lazımdır ki, vəzifəli kommunistlərin əksəriyyəti Azərbaycanın müstəqilliyini istəmirdi. Gah bu tərəfə, gah digər tərəfə meyl etməklə, faktiki olaraq yığdıqları pulları xərcləyə-xərcləyə yerlərini müəyyən müddət qorumağı bacardılar. Aralarında, insafən vətəni sevən yaxşı mütəxəssislər də vardı. Ancaq qurunun oduna yaş da yanırdı.

Bir az önə gedib bir faktı deyim. 14 may 1992-ci ildə A. Mütəllibov çevriliş edib bir günlük hakimiyyətə qayıdanda ilk işi Milli Məclisdə baş nazirin irəli sürülməsi və təsdiqlənməsi oldu və baş nazir Rəhim Hüseynov oldu. Cəbhə hakimiyyətinin bir illik müddətində də o on ay bu vəzifədə çalışdı. Bir sözlə bu qüvvələrin arasında siyasi ayağı sürüşkənlər kifayət qədər olduğundan  onları ciddi qüvvə hesab etmirdilər, ancaq onlar öz işlərini görürdülər. Hətta, cəbhəçi baş nazir olanda bir neçə yerdə etiraf etdi ki, mənim üçün kommunistlərlə işləmək asandır, nəinki cəbhəçilərlə. Cəbhəçilərin bəziləri göz önündə (söhbət vəzifə tutanlardan gedir) deqradasiya olunurdular. Müstəqillik uğrunda mübarizə aparmaq, məlum olurdu ki, asan idi, çünki orada hədəf bəlli idi. Yeni dövlət quruculuğuna başlamaq lazım gələndə etiraf edim ki, biz buna hazır deyildik. Çünki bir tərəfdən faktiki olaraq Qarabağ və ətraf rayonlarda müharibə gedirdi və təkcə Azərbaycan daxilində deyil, ondan kənarda da yaşayan azərbaycanlılar pis-yaxşı bu müharibəyə cəlb edilmişdilər. Azərbaycandan barıt iyi gəlirdi, istər Qarabağda, istər Bakıda. Digər tərəfdənsə müharibə əhval-ruhiyyəsində yaşadığımız halda, həm də demokratik dövlət quruculuğuna girişmək istəyirdik. Müharibə hara, demokratiya hara? Bax ən böyük səhvimiz məncə burda idi. Bir halda ki, hər şey müharibə üçün idi, o zaman demokratiya oyununa nə hacət qalırdı? Düşünürəm Ayaz Mütəllibov istefa verdikdən sonra hər şey müharibə şəraitinə uyğunlaşmalı, yaxud da uyğunlaşdırılmalıydı, yəni siyasi partiyalar fəaliyyətini dayandırmalı, qəzetlər, yalnız dövlət mətbuatı, özü də ciddi senzura altında fəaliyyət göstərməli, bütün demokratik təsisatlar dayandırılmalı idi. Amma  bu olmadı. Artıq 1992-ci ildə qabaqkı illərdən fərqli olaraq birlik enerjisi bölünməyə başlanmışdı.