“Survivor”u tərk edən “Kobra” Dominikandan çıxa bilmir


Digərləri 10 Apr 2020 17:27:00 141 0

“Survivor”u tərk edən “Kobra” Dominikandan çıxa bilmir

Müasir dünya tarixində ilk dəfə bütün ölkələr qlobal pandemiya ilə mübarizə apararkən Azərbaycan idmanı da tarixinə daha bir yenilik qatdı.

Peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, Əməkdar idman ustası Pərviz Abdullayev (ləqəbi "Kobra") dünyanın ən məşhur ekstremal yarışmalarından biri olan "Survivor"un Türkiyədə yayımlanan versiyasında yer aldı.

Oyunların ilk günündən qüvvətli döyüşçü vücuduna rəğmən, təmkini və kübarlığı ilə digər iştirakçılardan seçilən Abdullayev performansı ilə bütöv bir komandaya bərabər oldu və təkbaşına komandasına qalibiyyət qazandırmağı bacardı. Bununla belə, gözlənilməz şəkildə şurada ələnənlər arasında dəfələrlə adı yazıldı və yarışın təşkilatçıları da daxil olmaqla, 100 milyon türkün bir anlıq ürəyini ağzına gətirdi.

Yarışlarda uğur və əzmlə mübarizəsini davam etdirən Azərbaycanın milli qürurunun qarşısının alınmayacağı açıq-aşkar ortada idi. Doğrudur, sevgidə və mübarizədə hər şey qanunidir. Buna görə də bəzi iştirakçıların Pərvizə qarşı hiylə işlədəcəkləri yayımlanan görüntülərdən belə hiss edilirdi. Və belə də oldu. Heç bir əsaslı səbəb olmadan Abdullayevə qarşı birləşən komanda onun adını yazdı və oyundan çıxardı.

"Survivor" Türkiyə tarixində ilk dəfə azərbaycanlının iştirakı və onun qarşısıalınmaz şəkildə finala doğru getməsi, nə qədər inkar olunsa da, həmyerlimiz ayrıseçkiliyin qurbanı oldu deyə bilərik. Bununla belə Pərviz dəstəksiz qalmadı və haqsızlığa tuş gəldiyi Türkiyənin ən məşhur simalarının dilindən də onun fərqliliyi eşidildi.

"Kobra"nın qəzəbinə tuş gələnlərin aqibəti heç də yaxşı olmur, deyirlər. Çox yaxın gələcəkdə buna şahid olacağıq yəqin ki. Hələlik isə bizi ən çox maraqlandıran milli qürurumuzun vəziyyətidir. Onun yarışdan çıxması koronavirus pandemiyasına görə bütün sərhədlərin bağlandığı, uçuşların dayandığı dövrə təsadüf etdi və buna görə də hələ ki, vətənə qayıda bilmir.