Anar Əliyev: "190 manatlıq ödəmə ilə bağlı müraciətlərin edilməsində problem yoxdur"


Digərləri 10 Apr 2020 16:37:00 181 0

Anar Əliyev: "190 manatlıq ödəmə ilə bağlı müraciətlərin edilməsində problem yoxdur"

"İşsiz şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi məqsədilə müraciətlərin edilməsi ilə bağlı hər hansı problem yoxdur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Müraciətlərin qəbulu üçün 3 yolun olduğunu xatırladan nazir müavini qeyd edib ki, ödəmələr və əhalinin məşğulluğu ilə bağlı məsələlərin həll edilməsi məqsədilə bütün yerli məşğulluq mərkəzləri xüsusi iş rejiminə keçib:

"İnterneti olmayan insanlar məşğulluq mərkəzlərinin "Qaynar xət"lərinə zəng edərək qeydiyyata düşə bilərlər. Eyni zamanda, e-sosial portalında çox sadə formada qurulmuş onlayn qeydiyyat xidməti fəaliyyət göstərir. Bununla yanaşı, məşğulluq alt sistemi üzərindən də elektron hökumət portalının elektron qeydiyyat bölməsində qeydiyyatdan keçməklə ödəməni almaq üçün müraciət etmək olar".

A.Əliyev deyib ki, müraciətlər elektronlaşdırılmış qaydada yoxlanılır:

"Mən əhalini əmin etmək istəyirəm ki, bütün müraciətlərə bir-bir baxılacaq və hüquqi olan hər bir vətəndaşa bu ödəmənin təyin edilməsi üçün tədbirlər həyata keçiriləcək".