"Ölkə başçısının atdığı addımlar xalqımızın koronavirus bəlasından ən az itki ilə çıxmasına hesablanıb"


Digərləri 07 Apr 2020 11:43:00 161 0

"Ölkə başçısının atdığı addımlar xalqımızın koronavirus bəlasından ən az itki ilə çıxmasına hesablanıb"

Dövlətimizin mövcud təhlükəyə reaksiyası adekvatdır. Koronavirus təhlükəsinin bütün dünyada sürətlə genişlənməsi Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Ölkə başçısının bu müstəvidə həyata keçirdiyi tədbirlərə diqqət çəkən C.Xəlilov dövlətin əhalinin təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini vuğulayıb:

"Prezident İlham Əliyevin koronavirus təhlükəsindən qorunmaq məqsədi ilə ilk gündən çevik qərarlar qəbul etdiyi, ciddi önləmlər aldığı hər kəsə məlumdur. Təsadüfi deyildir ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də əhalinin salamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirməkdədir.

Bildiyiniz kimi, aprelin 20-nə qədər ölkəmizdə xüsusi karantin rejimi elan edilib ki, məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır.

Koronavirusla bağlı görülən tədbirlər sırasında qoruyucu və dezinfeksiyaedici məhsulların istehsalı da diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Hansı ki, bu müəssisədə gündəlik 120 min maska istehsal ediləcək ki, bu da nəinki daxili tələbatı ödəməyə, həm də bu maskaların ixracına imkan yaradacaq.