ƏƏSMN işsiz statusunun kimlərə şamil olunmayacağına aydınlıq gətirib


Digərləri 07 Apr 2020 08:53:00 165 0

ƏƏSMN işsiz statusunun kimlərə şamil olunmayacağına aydınlıq gətirib

"Pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar əlavə olaraq bildiririk ki, qanuna əsasən, işsiz şəxs - işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz kimi qeydiyyata alına bilməzlər. Ona görə də bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər.

"İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək. Bu da ödəmənin məhz bu yardıma ehtiyacı olanlara ünvanlanması, pandemiya dövründə real olaraq zərərçəkən şəxslərə münasibətdə ədalətli yanaşmanı təmin etmək məqsədi daşıyır. Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq. Müraciət üçün www.e-sosial.az portalından istifadə etmək, "e-xidmətlər" bölməsinə daxil olmaq lazımdır", - deyə F.Talıbov qeyd edib.