Bu həftə ərzində muzdlu işçilərə ödəmələrin həyata keçirilməsinə başlanacaq


Digərləri 06 Apr 2020 19:59:00 128 0

Bu həftə ərzində muzdlu işçilərə ödəmələrin həyata keçirilməsinə başlanacaq

Koronavirus (COVID-19) pandemiyasının, eləcə də dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ölkə iqtisadiyyatında baş verən dəyişikliklər barədə operativ şəkildə məlumatlar toplanaraq təhlil edilir və müvafiq çevik tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq edilən Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin icrası 3 mərhələyə bölünüb.

Son.az Trend-ə istinadən bildirir ki, ilkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqaməti üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi ilkin mərhələdə həyata keçiriləcək işlərlə bağlı aşağıdakıları ictimaiyyətin və vergi ödəyicilərinin diqqətinə çatdırır:

İş yerlərinin və sosial sabitliyin qorunması istiqaməti üzrə:

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq.

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. İşəgötürənlərin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında mümkün qədər qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək və işəgötürənlər işçilərin əməkhaqqlarını ödəyə biləcəklər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi.

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.

Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka müvafiq göstəriş veriləcək, ayrılmış vəsaitlər ünvanlarına çatdırılacaq.