ARDNFnin 2020ci il üzrə büdcə xərclərinin təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır


Digərləri 06 Apr 2020 14:11:00 102 0

ARDNFnin 2020ci il üzrə büdcə xərclərinin təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır

Son dövrlər baş verən hadisələrlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) barədə ictimaiyyəti maraqlandıran bir sıra məqamlara aydınlıq gətirilib.

ARDNF-dən Trend-ə verilən məlumatda qeyd edilən məsələlər qruplaşdırılaraq təqdim edilir:

- Cari ilin yanvar-mart ayları üzrə Dövlət Neft Fondunun xərcləri illik xərclərin 40% səviyyəsində icra olunub. Xərclərin ilin sonuna kimi mövcud dinamika ilə artması gözlənilirmi?

- ARDNF-nin 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülmüş və buna uyğun olaraq ARDNF-nin gəlirləri 12 384,1 mln. manat (7 284,8 mln. ABŞ dolları) və xərcləri 11 589,9 mln. manat (6 817,6 mln. ABŞ dolları) səviyyəsində proqnozlaşdırılmışdır.

Cari ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-yə ümumilikdə 2 219 mln. ABŞ dolları, o cümlədən mənfəət nefti və qazının satışından 1 763 mln. ABŞ dolları həcmində vəsait daxil olmuşdur və neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı, həmin dövr üzrə ARDNF-nin xərcləri 2 763 mln. ABŞ dolları (4 697 mln. manat) təşkil etmişdir. Xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər. Lakin qeyd etmək istərdik ki, ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 milyard ABŞ dolları həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir.

- Belə olan halda, yəni cari ilin ilk rübü ərzində Dövlət Neft Fondunun xərclərinin icrası gəlirlərini üstələdiyini nəzərə alaraq bu Fondun investisiya portfelinə necə təsir etmişdir? Hansı azalmadan söhbət gedir və ya hansısa vəsaitlərin məcburi satışı baş vermişdirmi?

- Qeyd etmək istərdik ki, ARDNF-nin büdcə proqnozları illik əsasda təsdiq olunur və nəzərdə tutulan büdcə ili üzrə icra səviyyəsi həmin ilin müəyyən dövrlərində müxtəlif olur. Belə ki, il ərzində həm dövlət büdcəsinin tələbindən, həm də valyuta bazarında tələbin dəyişməsindən asılı olaraq öhdəliklərin aylar üzrə eyni həcmdə icra olunmaması mümkündür. Bununla yanaşı, xam neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq il ərzində müxtəlif dövrlərdə Fondun gəlirlərinin dinamikası fərqli templə arta bilər. Beləliklə, neftin qiymət faktorundan və xərclərin müxtəlif dövrlərdə fərqli icra olunmasından asılı olaraq ARDNF-nin aktivlərinin il ərzində hansısa dövrün sonuna ya artması, ya da azalması müşahidə oluna bilər. Lakin bundan asılı olmayaraq, Fondun xərcləri üçün illik yuxarı hədd müəyyən edildiyindən, fərqli aylarda icra fərqli olsa da, ARDNF-nin illik büdcə öhdəliyi dövlət büdcəsində təsdiq olunan səviyyədən yüksək ola bilməz. Bir sözlə ARDNF-nin vəsaitlərindən əldə edilən gəlirləri istisna etsək, Fondun vəsaitlərinin hər ilin sonuna olan səviyyəsinə təsir edən tək amil neftin dünya bazarlarındakı qiymət tempidir.