Covid19 və ibuprofen:


Digərləri 05 Apr 2020 12:23:00 140 0

Covid19 və ibuprofen:

Son zamanlar internetdə yayılan məlumatlarda iddia olunur ki, koronavirus simptomları vaxtı ibuprofen, nurofen və iltihab əleyhinə olan digər dərmanları qəbul etmək olmaz.

Həkimlərin tövsiyələriylə yanaşı bir çox saxta məlumatlar da ortaya çıxıb. Bəs görəsən, nə baş verir və hansı xəbərlərə etibar etmək olar?

Son.az bildirir ki, BBC-yə danışan həkimlər, koronavirusla bağlı şübhələr yaranarsa, ibuprofenin tövsiyə olunmadığını təsdiqləyiblər. Hərçənd ki, bu dərman başqa səbəblərə görə təyin olunubsa, həkimlə məsləhətləşmədən onun qəbulunu dayandırmayın.

İbuprofen barədə mübahisənin mahiyyəti nədən ibarətdir?

İbuprofen, qeyri-steroid iltihab əleyhinə dərmanlar qrupuna aiddir.

O, temperaturu azaltmağa, qrip və digər virus infeksiyalarının simptomlarını aradan qaldırmağa kömək edir. Lakin ibuprofenin qəbulu yan fəsadlara da səbəb ola bilər, xüsusən də astma, ürək problemləri və zəif qan dövranı olan insanlarda.

Covid-19 simptomları ilə bağlı ibuprofenin xüsusiyyətlərinə dair tədqiqatlar aparılmayıb. Lakin onun digər tənəffüs xəstəliklərinə təsiri araşdırılarkən məlum olub ki, bəzi hallarda dərmanın qəbulu xəstənin vəziyyətini ağırlaşdıra bilər.

Mütəxəssislərin gəldiyi əsas nəticə budur ki, ibuprofenin iltihab əleyhinə komponenti virusla mübarizədə immunitet sisteminin effektivliyini azalda bilər.

İngiltərə Milli Səhiyyə Sisteminin (NHS) saytında yerləşdirilmiş son məlumatda deyilir ki, koronavirusa qarşı ibuprofenin zərərli olduğu tam təsdiqlənməsə də, onun istifadəsindən çəkinmək məsləhətdir. Buna qədər NHS, iltihab əleyhinə preparatlarla bağlı səsləndirilən narahatlıqları bölüşmürdü.