Trampın babasının qatili, 100 milyon ölü, dünyanı lərzəyə gətirən bəla


Digərləri 04 Apr 2020 16:06:00 117 0

Trampın babasının qatili, 100 milyon ölü, dünyanı lərzəyə gətirən bəla

"Həyatda ən pis şey nədir?" sualı ilə üzləşənlərin çoxu yəqin ki, "müharibə" cavabını verərlər. Ya da "xəstəlik". Amma daha pis variant da var: eyni vaxtda həm müharibə, həm də epidemiya. Özü də bu, təxəyyül məhsulu deyil, gerçək həyatda baş verib. 102 il öncə, Birinci dünya müharibəsinin son ilində...

***

Qripin adı da müharibənin nəticəsi idi. Xəstəlik İspaniyada yaranmamışdı. Sadəcə, o zaman müharibə aparan Avropa dövlətləri və ABŞ-ın tətbiq etdikləri senzura xəstəlik barədə xəbərləri də əhatə edirdi. Bitərəf İspaniyada isə qəzetlər bu barədə, o cümlədən kral XIII Alfonsonun və bəzi nazirlərin yoluxması barədə açıq yazırdılar.

Xəstəliyin mənbəyi barədə isə müxtəlif versiyalar mövcuddur. Amma haradan gəlməsindən asılı olmayaraq, çox güman ki, məhz ABŞ ərazisində mutasiyaya uğrayaraq H1N1 virusuna çevrilib. Ehtimallardan birinə görə, virus quşdan insana, insandan da donuza keçib. Məhz donuzlarda mutasiya nəticəsində təhlükəli şəkil aldıqdan sonra yenidən insana ötürülüb.

1918-ci il martın 11-də ABŞ-ın Fort Rayli məntəqəsində yerləşən hərbi hissənin aşpazlarından biri, sıravi Albert Gitçell (Albert Gitchell) qızdırma, boğaz və baş ağrısı şikayəti ilə tibbi hissəyə müraciət etdi. Onu çarpayıya yenicə uzatmışdılar ki, ikinci xəstə gəldi, sonra başqaları... Gün ərzində müraciət edən xəstələrin sayı 100-ü keçdi. Fort Raylidən başlayan xəstəlik tezliklə bütün ölkəyə yayıldı. Onun öldürdüyü ilk qurbanlardan biri də ABŞ-ın indiki prezidentinin babası Frederik Tramp idi.

ABŞ Birinci dünya müharibəsinə 1917-ci ilin aprelində qoşulmuşdu, amma ötən 1 il ərzində müharibədə iştirakı minimum səviyyədə idi. 1918-ci ilin yazından etibarən isə hər gün orta hesabla 10 min əsgər Avropaya göndərilirdi. Onların arasında, əlbəttə, qripə yoluxanlar da vardı. Nəticədə, amerikalılarla daha sıx təmasda olan müttəfiqləri - ingilislər və fransızlar yoluxdular, sonra isə virus səngərlərin o biri tərəfinə - almanlara tərəf sıçradı.

Cəbhədəki antisanitariya, zəif qidalanma, həmçinin sıx ünsiyyət və hərəkətlilik qripin sürətlə yayılmasına səbəb oldu. Fransız qoşunlarının 3/4 hissəsi, ingilislərin yarısı xəstəliyə yoluxdu. Almanlarda yoluxanların sayı 1 milyona yaxınlaşırdı. Bununla belə, 1918-ci ilin baharında qrip o qədər də ölümcül olmadı və havaların isinməsi ilə sanki geri çəkildi. Yay aylarında hər yerdə karantin tədbirləri xeyli zəiflədildi və hətta ortadan qaldırıldı.

Amma avqustun sonlarından başlayaraq, "ispan qripi"nin ikinci, daha ölümcül dalğası yayıldı. Virus, görünür, mutasiyaya uğramışdı. Sentyabrda ABŞ-da 12 min insan xəstəlikdən vəfat etdi. Oktyabrda Filadelfiya şəhərində təkcə bir gündə 711 nəfər öldü. Kanadanın Monreal şəhərində oktyabrın 21-də ölənlərin sayı 201 nəfər idi.

Avropada ikinci dalğanın ocağı Fransanın Brest şəhəri oldu ki, bu da təsadüfi deyildi. Brest liman şəhəri idi, çox güman ki, xəstəliyi Avropaya gəlməkdə davam edən ABŞ hərbçiləri gətirmişdilər. Buradan da istər mülki, istər hərbçilər arasında yayıldı. Tezliklə xəstəlik pandemiyaya çevrildi. Amma bu, hələ hamısı deyildi.

1918-ci ilin noyabrın 11-də Almaniyanın təslim aktı imzalaması ilə Birinci dünya müharibəsi başa çatdı. Avropaya toplanan milyonlarla hərbçi öz ölkələrinə dönməyə başladı. Onların sırasında isə Britaniya və Fransa müstəmləkələrindən səfərbər olunanlar da vardı. Bununla da xəstəlik demək olar ki, bütün dünyaya yayıldı.