“Tezliklə hər gün 100,000 və daha çox insan yoluxacaq”


Dünya 03 Apr 2020 19:24:00 128 1

“Tezliklə hər gün 100,000 və daha çox insan yoluxacaq”

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş koronavirusla bağlı məqalə yazıb.

Son.az Modern.az-a istinadən bildirir ki, o, məqalədə yalnız səyləri bir araya gətirməklə dünya xalqlarının COVID-19 pandemiyası və onun sarsıdıcı nəticələrini aradan qaldıra biləcəklərini deyib:

"Ötən cümə axşamı fövqəladə virtual iclasda Böyük 20-liyin liderləri doğru istiqamətdə addım atdılar. Lakin biz hələ də üzləşdiyimiz misilsiz miqyaslı çağırışa cavab verən, əlaqələndirilmiş və dəqiq ifadə edilmiş qlobal səviyyəli tədbirlərdən çox uzağıq.

İnfeksiyanın yayılma tendensiyasının üfüqi vəziyyətə gətirməkdən çox geridəyik. İlkin mərhələdə 100,000 nəfəri yoluxdurmaq üçün xəstəliyə 67 gün tələb olunurdu; tezliklə hər gün 100,000 və daha çox insan yoluxacaq. Razılaşdırılmış və cəsarətli tədbirlər olmadan, yeni halların sayı, demək olar ki, milyonlara çatacaq, səhiyyə sistemləri pik gücdə işləməyə məcbur olacaq, iqtisadiyyatlar zəifləyəcək və ən yoxsul insanlara sarsıdıcı zərbə vuraraq ümumi əhalinin rifahına mənfi təsir göstərəcək.

Ən pis ssenariyə hazır olmalıyıq və bunun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Elmə, həmrəyliyə və ağıllı siyasətə söykənən üç mərhələli fəaliyyətə çağırışı sizinlə bölüşmək istəyirəm".

Baş katibin sözlərinə görə, birincisi, koronavirusun ötürülməsi dayandırılmalıdır:

"Bunun üçün cəsarətli və erkən testlər və təmasların izlənməsi ilə bərabər karantin, müalicə və tibbi personalın təhlükəsizliyini təmin etmək üçün tədbirlər, hərəkət və təmasın məhdudlaşdırılması tələb olunur. Gündəlik vərdişlərimizi pozmasına baxmayaraq, bu cür addımlara müalicə və peyvənd icad olunana qədər ciddi riayət etmək lazımdı.

Əhəmiyyətli hesab etdiyimiz bu cür təsirli və birgə səylərə Birləşmiş Millətlər ailəsinin üzvü olan Ümumdünya Səhiyyə Təşkilatı rəhbərlik etməlidir; xalqlarını qorumaq məqsədilə yalnız özləri üçün tədbirlər görən ölkələr bütün dünya üçün tələb olunan işlərin öhdəsindən gələ bilməyəcəklər.

İkincisi, böhranın sarsıdıcı sosial və iqtisadi təsirlərinə qarşı həllər tapmaq.

Alov kimi yayılan bu virus, çox güman ki, səhiyyə sistemlərinin məhdud, insanların isə daha həssas olduğu və milyonlarla qaçqın və məcburi köçkünün sıx məskunlaşdığı gecəqondular və digər oxşar məkanlarda yaşayan Qlobal Cənuba sürətlə çatacaq. Belə bir mühitdə cərəyan edən virus inkişaf etməkdə olan dünyanı viran qoya və səngidiyi bölgələrdə sonradan yenidən baş qaldıra bilər.

Aydındır ki, insanlara, xüsusən də təsirə ən çox məruz qalan qadınlara, yaşlılara, gənclərə, aztəminatlılara, kiçik və orta bizneslərə, qeyri-rəsmi sektora və həssas qruplara diqqət yetirərək, bu virusla bütün bəşəriyyət naminə mübarizə aparmalıyıq.

BMT, viruslu yoluxmanın tədricən iqtisadi yoluxma halına gəlməsini və ziyanı aradan qaldırmaq üçün tələb olunan maliyyələşdirməni təyin edən sənədlər hazırlayıb. Beynəlxalq Valyuta Fondu (BVF), 2009-cu ildəkinə bənzər və ya ondan da ciddi bir tənəzzülə qədəm qoyduğumuzu elan edib".