İcarə və istifadə hüququ ilə avtomobilə malik olanlar daşıyıcı ola biləcəklər


Digərləri 02 Apr 2020 09:28:00 93 0

İcarə və istifadə hüququ ilə avtomobilə malik olanlar daşıyıcı ola biləcəklər

İcarə və istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələri ilə sərnişin və yük daşıyanlar daşıyıcı sayılacaq.  

Son.az APA-ya istinadən bildirir ki, bununla əlaqədar "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkardır. Dəyişikliyə əsasən,  avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla  haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar olacaq.

Daşıyıcı anlayışına yeni yanaşma ilə əlaqədar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın şərtlərinə də dəyişiklik edilir. İndiyə qədər bu şərtlərdən biri hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət hüququ və ya digər qanuni əsaslarla təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olmasıdır. Dəyişikliyə əsasən, bu şərt yeni redaksiyada verilir. Başqa sözlə, hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, icarə və ya istifadə hüququ ilə təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olması şərt sayılacaq.

Muvafiq olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin ümumi və növlər üzrə sayı haqqında məlumat təqdim etməlidir.

İndiyə qədər müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" və "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməli idilər. Təklif edilən dəyişikliyə əsasən, bu sıraya Mülki Məcəllənin 861-ci maddəsi əlavə edilir. Beləliklə, müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl Mülki Məcəllənin 861-ci maddəsi,  "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" və "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməlidirlər.