Brilliant Dadaşova: "İnsanlar qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar"


Şou-biznes 01 Apr 2020 16:38:00 139 0

Brilliant Dadaşova: "İnsanlar qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar"

Dövlətimiz vətəndaşlarımız arasında koronavirus infeksiyasına yoluxmanın az olması üçün bütün tədbirləri görüb.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında müğənni, Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşova bildirib.

Onun sözlərinə görə, dünyadan fərqli olaraq Azərbaycanda qabaqlayıcı tədbirlər daha tez görülüb:

"Mart ayının əvvəlindən insanlara dövlət səviyyəsində müəyyən xəbərdarlıqlar edilir. Xəbərdarlıqlar mövcud situasiyanı, təhlükəni insanlara göstərmək üçündür. Biz hər birimiz ölkədə tətbiq olunan xüsusi karantin rejiminə riayət etməliyik, evlərimizdə qalmalıyıq, qanuna tabe olmalıyıq. Bilməliyik ki, bu, bütün dünyada baş verən bir prosesdir. Heç bir ölkə bundan sığortalanmayıb. Bu virusla mübarizə üçün qlobal səfərbərlik var".

Xalq artisti bildirib ki, özünə, ətrafına, övladlarına, işinə məsuliyyətsiz yanaşanlar həmişə olub:

"Amma onlar başa düşməlidirlər ki, qlobal miqyaslı bir problemdə həmrəy olmaq lazımdır. Onlar bu məsələdə birlik nümayiş etdirə, qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar. Əlbəttə ki, mövcud situasiya çətindir. Heç kim bunun asan olduğunu iddia etmir. Hazırkı vəziyyət fərdlərdən əlavə, dünya iqtisadiyyatı üçün də çox çətindir. Bunu bır sınaq olaraq qəbul etməliyik. İnsanlar 1941-1945-ci illərdə müharibə yaşayıblar, biz özümüz keçid dönəmində sərt müharibədən çıxmışıq. Vətəndaşlar özlərini, ətraflarını və ölkələrini qorumalıdır".

B.Dadaşova qeyd edib ki, indiki vəziyyətdə hər bir fərd mübarizəyə özündən başlamalıdır:

"Bu, hamımız üçün çətindir. Mən başa düşürəm ki, işləməyən, gündəlik qazancla dolanan ailələr var. Əminəm ki, hər ailədə qohum-əqrəbasına kömək edən insanlar da var. Həmin vətəndaşlarımızdan xahiş edirəm ki, ailələrinə, qohumlarına kömək etsinlər, bu çətin şəraitdə birlik nümayiş etdirsinlər. Biz birlikdə güclüyük. Şübhəsiz ki, dövlətimiz də bunların hamısını nəzərə alır. Biz bu dəyərlərimizi və ölkəmizi gələcək nəsillərimiz üçün qorumalıyıq".