Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?


Digərləri 01 Apr 2020 13:31:00 118 0

Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?

Covid-19 virusu hələ yenicə yayılmağa başlayandan onun haqqında sübut olunmamış məlumatlar və fərziyyələr yayılmaqdadır.

İnternetdə və sosial mediada yeni növ koronavirusun həqiqətə uyğun olmayan qeyri-adi və qeyri-ənənəvi yayılma üsulları, qida və xüsusi vasitələrlə müalicə yolları barədə əsassız "şok xəbərlər"ə tez-tez rast gəlmək olur.

Son.az bildirir ki, virtualaz.org Dünyada və Azərbaycanda ən çox yayılan sübut olunmamış tövsiyələri bir araya toplayıb:

1. Sarımsaq

Sosial şəbəkələrdə koronavirusa yoluxmanın qarşısını almaq üçün ən çox təklif edilən vasitələrdən biri sarımsaqdır.

Bu şəbəkələrin azərbaycanlı istifadəçiləri də sarımsağın koronavirusa yoluxmağın qarşısını necə aldığı, onu necə yemək lazım olduğu barədə postları sürətlə yayır, bir-birinə məsləhət görür və bu məlumatların həqiqətliliyi barədə ətrafındakıları inandırmağa çalışır.

Sarımsağın Azərbaycanda satış qiymətinin bir kiloqram üçün 3-4 manatdan 15-18 manatadək artması da bu kimi fərziyyələrdən sonra baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antimikrob xüsusiyyətinə malik olan bu bitkini sağlam qida olaraq məsləhət görür, ancaq onun koronavirusdan müdafiə xüsusiyyətiylə bağlı hər hansı dəlilin olmadığını bildirir.

2. Zəncəfil

Sarımsaqdan sonra koronavirus şayiələri arasında zəncəfil də "möcüzəvi vasitələr" siyahısında öz yerini tapıb.

Bəzi sosial şəbəkə istifadəçilərinin zəncəfilin "koronavirusa qalib gəldiyi" barədə təkidlərindən sonra Azərbaycanda bir kiloqramı 9-10 manata satılan zəncəfilin qiyməti 45-50 manatadək yüksəlib.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev yerli mətbuata açıqlamasında deyib ki, "nə sarımsağın, nə soğanın, nə də zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur".

Mütəxəssislər zəncəfilin hamilələr, qan xəstəliyi olanlar, şəkər xəstələri və bir sıra digər qrup insanlar üçün zərərli, hətta faciəvi nəticələr verə biləcəyi barədə xəbərdarlıq edirlər.

3. Sumax

Bəzi ölkələrdə, xüsusilə Türkiyədə yayılan məlumatlarda sumax və sumax suyunun koronavirusla mübarizədə "möcuzəvi təsirlərindən" danışılır.

Həmin məlumatlarda bu ədviyyat koronavirusun "yeganə dərmanı" kimi göstərilir.

Sosial şəbəkələrdə aktiv yayılan videolarda deyilir ki, hər şey bir qadının yuxusunda ona "koronavirusun yeganə dərmanı sumaxdır" deyilməsindən sonra başlayıb.

Bəzi videolarda isə sumaxı dərman kimi qəbul etmək qaydaları, sumax suyunun necə hazırlanması öyrədilir.

Bundan sonra Türkiyədə sumaxın qiyməti kəskin artıb.