Yəqinlik nurunun bir şüası


Digərləri 31 Mar 2020 22:10:00 148 0

Yəqinlik nurunun bir şüası

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Şaban ayı artıq daxil olmuşdur. Bu ayda Allah Təala insan üçün tövbə, bagışlanma diləmə, ruhi zənginlik əldə etmə üçün fövqəladə fürsətlər təqdim etmişdir.

Bu nemətlərdən bəhrələnməyi Uca Allah bütün iman əhlinə qismət etsin, inşəallah!

Zəkat - dinin şaxəsidir

Ötən bəhslərimizdə biz dinin salamat və möhkəm ağacla müqayisəsinə toxunduq. Və qeyd etdik ki, bu ağacın kökləri - imandır, eləcə də kök möhkəmliyinin ağacın yenilməzliyinə olan təsirinə toxunduq. Bu bənzətməyə əsəsən bildirildi ki, insanda iman nə qədər güclü olarsa, onun dini də bir o qədər yenilməz olar. Ağacı sındırmağa, yandırmağa cəhd edə bilərlər, hətta zahiri görüntüsünü də belə aradan apara bilərlər, amma azacıq işıq yeri olan kimi, o, yenidən cücərəcəkdir. Necə ki, Sovet dönəmində İslamı aradan aparmaq üçün böyük səylər edildi, amma Allahın lütfü ilə iman nurunu aradan apara bilmədilər.

Bundan əlavə, din ağacı ilə bağlı bir çox xüsusiyyətlər açıqlandı və o cümlədən qeyd edildi ki, dinin şaxələri, budaqları - zəkatdır. Zəkat, o cümlədən, imanın təzahürü kimi qiymətləndirilir. Zəkatda "qürbətən iləllah" - "Allaha yaxınlaşmaq üçün" şərti mühümdür. Özünüreklam və bu kimi nəfsani istəklərin realizəsi üçün deyil - fəqət Aləmlərin Rəbbinin həqiqətdə razılığını əldə etmək üçün verilən zəkatdan söhbət gedir.

Zəkat vermək həm asandır, həm də çətin. İnsanın ona məxsus olan şeyi təmənnasız digərinə verməsi - özü-özlüyündə çətin bir məsələdir, müəyyən ruhi durum tələb edən məsələdir. Amma əgər insan Allaha bağlı olarsa, bunu etmək onun üçün əslində çox rahat bir mövzudur.

Zəkat - imanın təzahürüdür

Bugünkü bəhsdə biz zəkatın daha geniş mənasına toxunacağıq. Söhbət tək şəriətdə göstərilmiş vacib əməl olan zəkatdan getmir. Ümumi halda insanın ona verilmiş nemətlərdən bir qisminin digərlərinə təmənnasız verməsi məsələsinə diqqət yetiriləcək.

Zəkat - insana məxsus olan bir şeyin özündən ayırıb digərinin xeyrinə özgəninkiləşdirməkdir. Burada zəruri və kafi şərt - verilən şeyin halal mənşəiliyidir, qəsbi olmamasıdır. Camaatın haqqını qəsb edib, onun bir hissəsini paylamaq heç cür zəkat adlana bilməz və bunun zəkat məsələsinə və səxavətliliyə heç bir aidiyyəti yoxdur.

Gerçək imanı olan insan özünə aid olan hər bir şeyi, hətta öz varlığını belə Allaha məxsus bilir. Özü də sözdə yox, həqiqətən etiqadı var ki, hər şey Allahdandır və Allaha qayıdacaqdır. Əql sahibi anlayır ki, onu xəlq edən də Allahdır, ona qəyyumluq edən, Rəbblik edən, hər an varlıq verən də Allahdır. Və anlayır ki, bir an varlıq almasa, yox olar. Anlayır ki, mövcudiyyəti Allahdandır.

Həqiqi mömin, Malikin buyurduqlarına, tövsiyələrinə riayət edər. Bilər ki, əlində olan hər bir şeyi - malı, dövləti, sağlamlığı, əqli, zəkası - ona əmanət olaraq verilən nemətdir. Və əmanəti, onun həqiqi və gerçək sahibinin məsləhət gördüyü yerlərə sərf etməyin, o deyən istiqamətlərə yönəltməyin gərəkliyini anlayar. Sözsüz ki, əmanətdar insanlar belə edərlər.

Həqiqi mömin Rəbbinin göstərişlərini böyük rəğbətlə, sevinclə yerinə yetirər, buyurduğu işlərə, buyurduğu ünvanlara çatdırar. Müqəddəs Quranımızın "Tövbə" surəsinin 60-cı ayəsində buyurulur: "Həqiqətən sədəqələr (malların və canların zəkatı) fəqirlərin, miskinlərin, ... qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinə), ... yolda qalanlarındır".

Mömin bütün nemətlərdən zəkat verər

Uca Allah Öz mərhəməti ilə insana verdiyi ruzidən digər insanlara ehsan edilməsini istəyir. Müqəddəs Kitabda bir çox yerlərdə bu məqama toxunulur. İnsan qəlbini imanla doldurduqda, o, özündən nəyisə ayıra bilir, nəyisə daha ehtiyaclı insana verə bilir.

Amma ariflər bu məsələnin açıqlamasında deyirlər ki, mömin o kəs deyil ki, təkcə maddi zəkat verir. Əslində, mömin malik olduğu bütün sərvətlərdən zəkat verəndir. Elmin zəkatını, qüdrətin, abırın, hörmətin, qələminin, nitqin - malik olduğu hər bir qiymətlinin, Allah verdiyi hər bir nemətin zəkatını verir mömin. "Bəqərə" surəsinin 3-cü ayəsində buyrulur: "O kəslər ki, .... ruzi olaraq, onlara verdiyimiz şeylərdən Allah yolunda infaq edirlər (Allah yolunda xərcləyirlər)".

Elmin zəkatı - insanlara təlim etməkdir. Elmli olub bunu insanlara ötürməyən - mənasız bir ömür sürmüş olur. Qüdrətin zəkatı - ədalət və insaf təzahür etməkdir. Abırın zəkatı - insanların müşküllərini həll etməkdə abırdan xərcləməkdir. Qələmin zəkatı - haqqı yazmaqdır; insanlara düzü - düz, əyrini - əyri çatdırmaqdır, vicdanı oyatmaqdır. Sağlamlığın zəkatı - bunu xeyir işlərə, insanlara yaxşılığa, İlahi xidmətə sərf etməkdir.

Kamilliyə aparan yol

"Lə iləhə illəllah" deyə şəhadət verən insan, mahiyyətcə Uca Allahın bütün kamal sifətlərə malik olmasına iman gətirir. Onu Xaliq bilir, Rəbb bilir, hər bir şeyin Maliki bilir. Və bu bilgiləri onun müvafiq davranış strukturuna səbəb olur. Hətta nəinki davranışına təsir edir, əslində söhbət dünyagörüşünü tənzimləyən bünövrədən gedir.

Allahı hər bir şeyin maliki, mütləq qüdrətin maliki bilən insan, ötəri və mənasız yaşamaqla özünü məşğul etməz. Diri kimi yaşayar, ölu qəlblilər səviyyəsinə enməz. Bu dünyanı imtahan məkanı, sınaq yeri, axirətin tarlası bilər. Özünü kamilliyə tuşlayar. Əməllərinin müqabilini Allahdan istəyər, insanlara əyilməz. Və əməllərinin müqabilinin də əbədi səadət olmasının fərqinə varar.

"Tövbə" surəsinin 111-ci ayəsində bu mətləb gözəl surətdə açıqlanmışdır: "Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan, Cənnətin onların olması bahasına almışdır. ... Allahdan qeyri kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!".

Allah Təbarəkə və Təala bildirir ki, əgər həyatını, əməl və niyyətlərini əbədi səadətdən az bir şeyə dəyişmisinsə - demək uduzmusan. Və Allah Təala vəd edir ki, iman əhli nicat tapanlardan olacaq. Allah Təala vədə ən vəfalı olduğunu da bildirir. Belə ki, əksi - yəni əhdə vəfasızlıq - Allahın zatına zidddir, çünki asılılıq, naqislik gətirən sifətlərdəndir, bu isə ehtiyac doğurur. Ehtiyaclılıq isə Allaha aid olmayan bir şeydir, zira ehtiyacları ödəyən Odur, Onun ehtiyaclılığı isə qeyri-mümkünlük babındandır.

Nəql olunmuş ayədə bir müstəvi də açılır. Belə ki, Allah Təala bəlli edir ki, əsil alıcı, həqiqi alıcı Odur. Necə alıcı? Əlbəttə ki, məcazi mənada. Qəbul edən, qiymət verən mənasında. Odur əməllərə, yaxşı işlərə həqiqi qiyməti verən. Və Allah Təala bəlli edir ki, həqiqi uğur, həqiqi qurtuluş məhz buradadır. İnsan başqa nəyinsə ardınca gedirsə, uduzar. Qəlp dəyərin, qəlp əvəzin ardınca getmiş olur.

Həqiqi alıcı olaraq, Allah Təala düzgün təqdimat istəyir. Danışmaq nemətini veribsə - düzü deməyi tələb edir. Yazmaq nemətini veribsə - həqiqəti yazmağı tələb edir. Sağlamlıq veribsə - fəsada işlətməyə, fitnəyə sərf etməyə deyil, nicat verə bilən məsələlərə sərf edilməsini istəyir. Əqli verib - həqiqəti tapmaq üçün, əzaları verib - xeyrə doğru getmək üçün.

Allah Təala cəmi insanları varlığına sahib çıxıb, həqiqi dəyərlərin ardınca gedənlərdən qərar versin, inşəallah!

Səxavət - İlahi sifətlərdəndir