Azərbaycan və Rusiya arasında hava və dəmiryol əlaqəsi dayandırılıb


Digərləri 31 Mar 2020 17:57:00 119 0

Azərbaycan və Rusiya arasında hava və dəmiryol əlaqəsi dayandırılıb

Koronavirus qlobal pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb.

Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, vətəndaşların qarşılıqlı şəkildə qəbulu məqsədilə iki ölkənin quru sərhədi boyunca Samur sərhəd-keçid məntəqəsi məhdudlaşdırıcı rejimdə və müəyyən olunmuş qrafik çərçivəsində fəaliyyət göstərir.

Azərbaycan və Rusiya arasında sərhəd-keçid məntəqələri vasitəsilə Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri daxil olmaqdadır.

Azərbaycan və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən 31 mart 2020-ci il tarixindən etibarən Rusiya Federasiyasından Azərbaycana səfər edən Azərbaycan Respublikası vətəndaşlarının Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən müvəqqəti olaraq hər həftənin şənbə günləri müəyyən olunmuş vaxtda keçidi həyata keçiriləcəkdir.

Sərhədi keçən vətəndaşlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı zonada yaradılmış səhra karantin zonalarında 14-21 və ya 21-28 günlük karantin rejiminə yerləşdirilirlər.