COVID19dan dərmansız necə yaxa qurtarmaq olar


Dünya 31 Mar 2020 15:54:00 102 0

COVID19dan dərmansız necə yaxa qurtarmaq olar

Melburn Universitetinin alimləri o qənaətə gəliblər ki, yaxşı immuniteti olan insan orqanizmi koronavirus infeksiyasını müstəqil dəf etməyə qadirdir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə tədqiqatın nəticələri "Nature Medicine" jurnalında dərc edilib.

Araşdırmanın obyekti Avstraliyaya gələn Çinin Uhan şəhərinin 47 yaşlı sakini olub. Daha sonra onu COVİD-19-un simptomları ilə - zəiflik, nəfəs darlığı, quru öskürək və yüksək temperatur əlamətləri ilə xəstəxanaya yerləşdiriblər. Qeyd olunur ki, xəstənin patoloji xəstəlikləri və zərərli vərdişləri olmayıb.

Xəstəxanada olarkən qadına antibiotiklər və ya virus əleyhinə preparatlar təyin edilməyib. Həkimlərin həyata keçirdiyi yeganə tədbir bədəndə su balansının saxlanılması üçün vena daxilinə maye yeritmək olub.

Nəticədə xəstə iki həftə sonra tamamilə sağalıb. Onun qan testlərinin nəticələri immun sisteminin hüceyrələrinin artdığını göstərib ki, bu da adi mövsümi qripə qarşı mübarizədə orqanizmin xarakterik reaksiyasıdır.

"Araşdırmamız göstərir ki, COVİD-19-un yeni bir virus kimi yaranmasına baxmayaraq, əvvəllər sağlam olmuş insanların orqanizmində bu virusdan sağalandan sonra adi qripdə olduğu kimi davamlı immun cavabı görürük", - deyə tədqiqatın müəlliflərindən biri Ketrin Kedzirska bildirib.