Tramp sosial distansiya saxlama üzrə federal sənədin qüvvədə olması müddətinin aprelin 30dək uzadılmasını elan edib


Dünya 30 Mar 2020 20:25:00 95 0

Tramp sosial distansiya saxlama üzrə federal sənədin qüvvədə olması müddətinin aprelin 30dək uzadılmasını elan edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, Ağ ev özünün sosial distansiya saxlama üzrə rəhbər sənədinin qüvvədə olması müddətini aprelin 30-dək uzadacaq. Bu, ABŞ-da koronavirusun yayılması ilə əlaqədar Ağ ev tərəfindən martın 16-da müəyyən edilən ilkin 15 günlük dövrdən bir ay çoxdur.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident ABŞ-da koronavirus səbəbindən ölüm həddinin iki həftə ərzində pik nöqtəsinə çatacağı ehtimal olunduğunu bildirib.

Xatırladaq ki, ötən həftə Tramp aprelin 12-də qeyd olunacaq Pasxa bayramınadək ölkənin normal fəaliyyətə qayıdacağına ümidvar olduğunu bəyan etmişdi. Koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı artdığına görə, Trampın planları uğurla nəticələnmədi. Sosial distansiya saxlama üzrə federal sənədə əsasən, ştatlar birinci dərəcəli əhəmiyyəti olmayan xidmətlər göstərən müəssisələri müvəqqəti bağlamalıdırlar. Bu, ABŞ iqtisadiyyatına əhəmiyyətli dərəcədə ziyan vursa da, virusun daha geniş yayılmasının qarşısını alacaq.

Bazar günü Tramp Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupun çərşənbə axşamınadək əlavə məlumatları açıqlayacağını bəyan etmişdi. Ağ evin rəhbəri, həmçinin Amerikanın iyunun 1-dək "sağalma yolunda" olacağını da bildirmişdi.