İki min yaşı olan göz xəstəliyi


Digərləri 29 Mar 2020 21:45:00 132 0

İki min yaşı olan göz xəstəliyi

El arasında "mirvari suyu" adlandırılan katarakta göz büllurunun bulanması, onun şəffaflığını itirməsidir. Xəstəlik zamanı gözə düşən işıq şüasının qarşısı alınır. Bu da gözün görmə qabiliyyətinin azalmasına, sonda isə görmənin itirilməsinə gətirib çıxarır. Başqa sözlə desək, katarakta müvəqqəti də olsa, gözdə korluq yarada bilən xəstəlikdir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a oftalmoloq Hafiz Qəhrəmanov məlumat verib.

Oftalmoloqun sözlərinə görə, xəstəliyin yaranma səbəbləri müxtəlifdir: "Bunlar arasında birinci yerdə yaşlanmanı qeyd etmək olar. Çünki adətən katarakta yaşlı insanların xəstəliyi sayılır. İkinci yerdə mübadilə pozulmaları dayanır. Burada da əsas səbəb şəkərli diabetin olmasıdır. Bəzən hipertoniya da dolayısı ilə kataraktanın yaranmasına səbəb ola bilər. Səbəblər arasında növbəti yerləri travmalar, anadangəlmə kataraktalar tutur.

Katarakta kifayət qədər geniş yayılıb. Statistika və oftalmoloji praktika göstərir ki, əhali arasında ən çox əməliyyat məhz katarakta səbəbindən qeydə alınır. Ümumiyyətlə, xəstəliyin özünün çox qədim tarixi - təxminən 2 min yaşı var. Hətta qədim dövrdə də bilirdilər ki, kataraktanı müalicə etmək üçün bülluru çıxarmaq lazımdır".

H.Qəhrəmanov bildirib ki, xəstəliyin müxtəlif müayinə üsulları var. Müasir dövrdə əməliyyat əsasən büllurun fakoemulsifikasiyası üsulu ilə aparılır. Yəni, əməliyyat ultrasəs tətbiq olunmaqla kiçik kəsik vasitəsilə icra edilir. O diqqətə çatdırıb ki, insanlar çox zaman əməliyyatın heç bir kəsik olmadan şüa ilə aparıldığını düşünür, ona görə də buna bəzən lazer əməliyyatı deyirlər. Lakin bu, elə deyil. Kiçik, yəni 2-2,4 millimetr ölçülü kəsikdən gözün ortasındakı büllur parçalanır, xırdalanır və xaric olunur. Onun yerinə süni büllur, yəni linza implantasiya olunur. Linzanın seçilməsi hər göz üçün fərdidir. Əməliyyat öncəsi ultrasəs və biomaster cihazları ilə gözün özəllikləri, göstəriciləri yoxlanılır. Hər gözə, onun şüanı sındırma qüvvəsinə uyğun süni büllur seçilir və qoyulur.

Hazırda linzalar bir çox ölkələrdə hazırlanır. Akril adlanan materialdan hazırlanan premium linzalar çox mükəmməldir. Onlar insan orqanizminə heç bir zərər vurmadan, bioloji toxumalarla yanaşı, uzun illərboyu, hətta insanın ömrünün sonuna qədər gözün içərisində qalır və onun görmə funksiyalarını yüksək səviyyədə saxlayır.