Çində iqtisadiyyatı dirçəltmək üçün 2,5 günlük həftəsonu tətili tətbiq olunacaq


Digərləri 27 Mar 2020 19:39:00 137 0

Çində iqtisadiyyatı dirçəltmək üçün 2,5 günlük həftəsonu tətili tətbiq olunacaq

Çində 2,5 günlük həftəsonu tətilinin tətbiqinə başlanılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni növ koronavirus (COVID-19) epidemiyasının ölkə iqtisadiyyatına gətirdiyi tənəzzül fonunda atılan bu addımın məqsədi əhaliyə istirahət üçün daha çox vaxt ayrılmasını təmin etmək, bununla da istehlakın təşviqinə nail olmaqdır. İlkin olaraq Çinin 3 vilayətində aprelin 1-dən 2,5 günlük həftəsonu tətili tətbiq ediləcək.

Ciansu vilayəti hökuməti istehlakın təşviqi məqsədilə plan da hazırlayıb. Bura bəzi turizm məkanlarına biletlərin qiymətində 50 faizlik endirimlərin tətbiqi, habelə müxtəlif təşkilatlar və şirkətlərin öz işçilərinə pulsuz səyahət vauçerləri verməsi də aiddir.

Vilayət hökumətinin açıqlamasında qeyd olunur ki, 2,5 günlük həftəsonu tətili işçilərə qısa müddətə səyahətə getməyə imkan yaradır. Bu da öz növbəsində turizm sektorunda istehlakın stimullaşdırılmasına, nəticə etibarı ilə iqtisadiyyatın canlanmasına şərait yaradacaq.

Cıcian və Qansu vilayətlərinin rəhbərliyi də 2,5 günlük həftəsonu tətilinin iqtisadiyyatın dirçəlişinə dəstək olacağını düşünür.