Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


Digərləri 26 Mar 2020 17:09:00 126 0

Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin turizm sənayesinin nümayəndələrinə müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, müraciətdə deyilir:

"Hörmətli turizm təmsilçiləri və turizm sahəsində fəaliyyət göstərən sahibkarlar!

Ötən müraciətimizdə biz ümumi gedən proseslərdən, işçilərin ixtisarı və bu kimi bir sıra neqativ faktlardan xəbərdar olduğumuzu bildirdik, sahibkarları sosial məsuliyyətə dəvət etdik, cəmiyyətin və dövlətin rifahı naminə hər kəsi birliyə çağırdıq. Sevindirici haldır ki, bir çox sənaye nümayəndələri hazırkı çətin dövrdə sosial məsuliyyətin əhəmiyyətini anlayaraq çağırışımıza müsbət cavab verdilər.

Bu hal dövlət tərəfindən yüksək qiymətləndirilir. Sosial məsuliyyətə əməl edərək sənayenin gələcək inkişaf perspektivlərini nəzərə alan sahibkarlar dövlətin diqqətindədir və tətbiq olunan məhdudiyyətlərin turizm sənayesinə təsirlərinin azaldılması istiqamətində ilk iş məhz sahibkarlara dövlət dəstəyinin verilməsi olacaqdır.

Biz sənayenin digər üzvlərini də sosial məsuliyyətlilik sərgiləyən, sosial-mənəvi öhdəlikləri yerinə yetirən sənaye təmsilçilərinə qoşulmağa dəvət edirik. Bildiyiniz kimi, hazırda həm Bakıda, həm də regionda bir sıra hotellər xaricdən qayıdan vətəndaşlarımızı karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur. Bu məqsədyönlü addım ümumilikdə vətəndaşların təhlükəsiz şəraitdə sağlamlığını qorumaqla yanaşı hotellərin doluluğunu da təmin edir.

Biz karantin rejimində vətəndaşlara xidmət göstərən hotellərin bütün sıravi işçiləri və rəhbərliyi daxil olmaqla işçi heyətinə təşəkkür edir, bu çətin və məsuliyyətli dövrdə göstərdikləri fədakarlığa və əzmə görə minnətdarlığımızı bildiririk.