Bahar Muradova koronavirusa qarşı mübarizə ilə bağlı ailələrə çağırış edib


Digərləri 25 Mar 2020 16:57:00 137 0

Bahar Muradova koronavirusa qarşı mübarizə ilə bağlı ailələrə çağırış edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı ailələrə çağırış edib.

Son.az Trend-ə istinadən bildirir ki, müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır.

Yeni növ koronavirus - COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir.

Sanitar-epidemioloji salamatlığın təmin edilməsi məsələsi dünya gündəminin 1 nömrəli vəzifəsi olaraq qarşımızdadır.

Hər keçən gün artan yoluxma və ölüm halları ən inkişaf etmiş ölkələrin əhalisinin belə təhlükələrdən qorunmaq üçün tam sığortalanmadığını sübut etməkdədir.

Eyni zamanda, bu günə kimi bütün qitələri, regionları və ölkələri bir-birinə bağlayan iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu ciddi şəkildə ziyan görməkdədir.

Dünyanı bürüyən pandemiya həm də, yer kürəsinin insanlarını, o cümlədən, bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir.

ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicəvi tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində xeyli işlər görülüb.

Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi diqqəti və nəzarəti altında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vəziyyətdən çıxış edərək lazımi addımları atmaqda, ölkə əhalisinin sağlamlığının qorunması, baş verə biləcək fəsadların önləyici tədbirlərlə zərərsizləşdirilməsi üçün təsirli tədbirlər görməkdədir.

Dövlətimiz bütün imkanlarını bu vəziyyətdə zərər görə biləcək istiqamətlərin dəstəklənməsi, ölkə xaricində olan soydaşlarımızın, aztəminatlı və həssas qrupların problemlərinin həll edilməsinə, bütövlükdə isə ölkəmizdə yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsinə yönəltməkdədir.

Bir sözlə, Azərbaycan dövləti, müvafiq icra hakimiyyəti orqanları, tibbi və sanitar epidemioloji müəssisələrimiz, nəhayət günümüzün qəhrəmanları sayılan həkimlərimiz, bütün sanitar və tibbi personalımız üzərlərinə düşən işin öhdəsindən ləyaqətlə və peşəkarlıqla gəlməkdədirlər.

Hazırda bu virusun cənginə aldığı ölkələrdə mövcud vəziyyətin təhlili və bir sıra acı nəticələr sübut edir ki, görülən tədbirlərin müsbət effekt verməsi üçün vətəndaş məsuliyyəti və insanların davranışı mühüm əhəmiyyət kəsb edir.

Bu gün ölkəmizdə də ciddi karantin rejimi tətbiq edilməkdədir. Bakı, Sumqayıt, Abşeron, eləcə də ətraf regionlar arası əlaqələr və nəqliyyat xidməti məhdudlaşdırılıb. Belə bir vəziyyətin doğurduğu çətinliklərin əhali tərəfindən düzgün dəyərləndirilməsi virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən heç də az əhəmiyyət kəsb etmir. Və nəticə daha çox elə bundan asılıdır.

Odur ki, hamımız bir nəfər kimi bu günədək görülən işlərin effektivliyini artırmaq üçün ciddi rejimin qaydalarına əməl etməli, daha çox məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməli, dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısındakı öhdəliklərə əməl etməliyik.