İlk dəfə olaraq bizim qalaktikamızın ölçüləri təyin olundu


Digərləri 25 Mar 2020 12:36:00 112 0

İlk dəfə olaraq bizim qalaktikamızın ölçüləri təyin olundu

Bizim Qalaktikamızın ölçüsü barədə bu ilk nəticələr hələ dəqiqləşdiriləcək. Ancaq alimlərin fikrincə, bu göstəricilərdən müxtəlif tədqiqatlarda və nəzəriyyələrin formalaşdırılmasında istifadə etmək mümkün olacaq.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Böyük Britaniya, Almaniya, ABŞ və Kanadadan olan alimlər Gaia kosmik teleskopu vasitəsilə ilk dəfə olaraq bizim qalaktikamızın ölçülərini təyin ediblər.

Bunun üçün onlar tünd materiyanın halosunun - Süd yolunun qravitasiya sahəsinin təsir dairəsində olan sferik sahənin - diametrini ölçüblər.

Nəticələr "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub, həmçinin çap kitabxanası üçün arXiv.org-da yerləşdirilib.

Astronomlar digər qalaktikaları müşahidə edə bilirlər, Süd yolunu isə yox, çünki bu qalaktikanın içində yerləşirlər. Ona görə də bizim Qalaktikanın ölçülərini təyin edərkən, adətən, onun ən uzaq obyektlərinədək olan məsafədən çıxış edirlər.

Ancaq belə qiymətləndirmə ilə qalaktika diskinin diametri 260 min işıq ili olur. Günəş sisteminin sərhədlərinin Koyper qurşağından da böyük olduğu və Günəşin qravitasiya təsirində olan bütün sahəni ehtiva etdiyi kimi, Qalaktikamızın sərhədləri də görünən qalaktika diskindən əhəmiyyətli dərəcədə böyükdür.

Gaia kosmik teleskopundan alınan məlumatlar əsasında əldə edilən hesablamalara görə, Oxatan A* nəhəng qara dəliyinin ətrafında dövr edən tünd materiyanın görünməyən halosunun diametri 950 min işıq ilidir.

Gaia teleskopu artıq 7 ildir ki, bizim qalaktikamızda hərəkət edən bütün obyektlərin yerini, şüa sürətini və ulduzlar arasında olan məsafənin dəyişməsini dəqiqliklə qeyd edir. Bu layihənin əsas vəzifəsi Süd yolu qalaktikasının 3D xəritəsini hazırlamaqdır. Ancaq bunun üçün onun ölçülərini bilmək gərəkdir.