Aqil Abbas: "İnsanlar başa düşməlidir ki, dövlət əhalisinin qeydinə qalır"


Digərləri 15 Mar 2020 13:40:00 126 0

Aqil Abbas: "İnsanlar başa düşməlidir ki, dövlət əhalisinin qeydinə qalır"

Koronavirusla əlaqəli Mətbuat Şurasının jurnalistlərə, KİV-lərə bir bəyanatı oldu. Bununla bağlı ajiotaj yaratmamaq, süni panikaya səbəb olmamaq lazımdır, hər kəs sosial məsuliyyətinin fərqində olmalıdır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr şayiələrin yayılmasında birbaşa rol oynayır:

"İndiyə qədər ölkəmizdə bu virusa yoluxan yoxdur, yoluxanların hamısı əsasən İrandan gələnlərdir. Bir nəfər qadın dünyasını dəyişib. Onun da müxtəlif xəstəlikləri var imiş, heç bu xəstəlikdən də dünyasını dəyişməyib. Bəli, bu virus bizdə də qeydə alınıb. Ölkə xaricində bu virusa yoluxub gələnlər karantinə alınıb. Dünyadakı tədbirlərə uyğun olaraq Azərbaycan hökuməti də bu virusa qarşı təxirəsalınmaz tədbirlər görür. Bu səbəbdən ölkə ərazisindəki bütün kütləvi tədbirlər təxirə salındı".

Deputat bildirib ki, bu virusu şişirtməyin, bəlaya çevirməyin əleyhinədir:

"Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın gördüyü tədbirlər profilaktik xarakter daşıyır. İnsanlar bunu başa düşməlidir ki, dövlət əhalisinin qeydinə qalır. Bu, dünyada müşahidə olunan bir haldır. Bütün dövlətlər yoluxmaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Yoxsa bir nəfər beşini, o da iyirmi beşini yoluxdurar. Kütləvi tədbirlərin təxirə salınması qərarı bu baxımdan təqdirəlayiqdir".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.