Əflatun Amaşov: "Sosial izolyasiya tədbirləri şəraitində media daha dinamik fəaliyyət göstərməlidir"


Digərləri 14 Mar 2020 15:49:00 168 0

Əflatun Amaşov: "Sosial izolyasiya tədbirləri şəraitində media daha dinamik fəaliyyət göstərməlidir"

Koronavirusla bağlı ölkəmizdə həyata keçirilən tədbirlər mütəşəkkil, məqsədyönlü xarakter daşıyır. Demək olar, bütün sahələrdə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində intensiv işlər görülməkdədir. Belə bir durumda medianın üzərinə də böyük məsuliyyət düşür.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Mətbuat Şurasinin (MŞ) sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görüləcəyi vurğulanıb. "Məlumatda həmçinin KİV-lərdən məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmək tələb olunub. Azərbaycan Mətbuat Şurası da istər dünən, istərsə də martın 4-də yaydığı məlumatında medianın koronavirus infeksiyası ilə bağlı materialların təqdimatına həssas yanaşmasının zəruriliyi diqqətə çatdırıb. Güman edirəm ki, Azərbaycan mediası bunu nəzərə alacaq və alır da" - deyə, Şura sədri vurğulayıb.

MŞ sədri, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya tədbirlərinə medianın adekvat reaksiyası barərə də söz açıb. O bildirib ki, məhdudiyyətlər şəraitində media daha dinamik fəaliyyət göstərməlidir. Bunun üçünsə jurnalistlər özləri də təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etməlidirlər: "Jurnalistlər müxtəlif toplantılara qatılır, reportajlar hazırlayır. İstər-istəməz insanların kütləvi toplaşdıqları yerlərdə olurlar. İlk növbədə öz sağlamlıqlarını düşünməlidirlər. Yəni başa düşməlidirlər ki, belə şəraitdə onlar ayaqda durmalı, cəmiyyəti informasiya ilə təmin etməlidirlər. Bu, böyük məsuliyyətdir. Bunun üçünsə koronavirus əleyhinə profilaktik tədbirlərə mütləq riayyət vacibdir".

Ə.Amaşov həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum belə durumlarda jurnalistləri peşəkar olmağa çağırır. Peşəkarlıq rəsmi məlumatlara istinad və ya əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Ajiotaj isə yolverilməzdir. "Əslində mediamız və jurnalistlərimiz hazırda kifayət qədər peşəkar davranırlar. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən media orqanlarının fəaliyyətini adekvat saymaq mümkündür. Biz bununla bağlı monitorinqimizi davam etdiririk. Əgər ilk vaxtlarda koronavirusla bağlı dezinformasiya tipli bilgilərin yayılması geniş vüsət almışdısa, hazırda bu tendensiya demək olar, yox səviyyəsindədir. Əlbəttə, burada müvafiq dövlət qurumunun, yəni Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti də qiymətləndirilməlidir. Qərargah adından da göründüyü kimi, kifayət qədər opertiv fəaliyyətdədir. Cəmiyyətə sistemli şəkildə informasiya verir" - deyə, o əlavə edib.