Qədim Misir muzeyinin qibti və İslam mədəni irsini əks etdirən eksponatları


Digərləri 13 Mar 2020 06:30:00 178 0

Qədim Misir muzeyinin qibti və İslam mədəni irsini əks etdirən eksponatları

Qədim Misir ehramları və abidələrlə yanaşı, bu ölkədə maraqlı eksponatları olan muzeylər də turistləri cəlb edir. Onlardan ən maraqlısı olan Antik Misir Muzeyi turistləri qibti və İslam mədəni irsinin nümunələri ilə tanış edir.

Son.az AZƏRTAC-a istinadən bu unikal eksponatlardan bir neçəsini oxuculara təqdim edir.

Qeyd edək ki, Qahirədəki Antik Misir Muzeyində müqəddəs Quranın ən qədim nüsxələrindən biri saxlanılır. Paytaxtın mərkəzində yerləşən muzeydə qorunan bu unikal nüsxə ilə yanaşı, qibti mədəniyyətinə aid olan atifaktlar da nümayiş etdirilir. Muzeyin ətrafındakı mərmər fəvvarə də XI əsrə aiddir. Buradakı Ümməyad və Abbasi bölməsində Məmlüklər, Osmanlı imperiyası dövrlərindən qalan müxtəlif məişət əşyaları, əlyazmalar, sikkələr, silahlar və xalçalar da qiymətli eksponatlardandır. Digər bölmədə XIII əsrdə İrandan gətirilmiş çini qablar və xalçalar nümayiş etdirilir. İslam inancına görə insan fiqurunun təsviri qadağan olunduğundan, onların üzərində flora və fauna nümunələri, kalliqrafiya eskizləri əks olunub. Muzeydə daha bir maraqlı eksponat qibtilərin perqament kağızların üzərindəki yazıları, habelə sonralar İslam xəttatlarının kalliqrafiya nümunələridir.

Antik Misir Muzeyi 1902-ci ildən fəaliyyət göstərir. Burada təxminən 120 min eksponat var. Muzeydə fironlara məxsus dünyanın ən geniş antik əsərlər kolleksiyası və Tutanhamonun xəzinəsi də saxlanılır. İki mərtəbədən ibarət olan muzeydə Qədim Misirə aid və iki min ildən çox yaşı olan sikkə və papirus kolleksiyaları xüsusi maraq doğurur. Papiruslardakı yazılar yunan, latın, ərəb dillərindədir. Sikkələr isə qızıl , gümüş, bürüncdən hazırlanıb. Onların arasında təkcə Misirin deyil, həm də yunan, Roma və İslam numizmatikasının nümunələri var.