Bitki yağını kərə yağı adı ilə satırdılar


Digərləri 12 Mar 2020 19:20:00 157 0

Bitki yağını kərə yağı adı ilə satırdılar

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirib.

AQTA-dan Son.az-a verilən məlumata görə, reyd zamanı "LV Standart" MMC tərəfindən idxal olunan "Goldenline" əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək "Goldenline" slivoçnoe əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib.

Eyni zamanda yağların üzərində istehlak xüsusiyyətinin öz əksini tapmadığı və qablaşdırılan yağların üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən edilib.

Anbarda xammal kimi 670 kq, "Goldenline" əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitunun müvafiq labortoriyalarına təqdim olunub.

Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki yağ spredinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağ adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.