Hollivudun 20 yaşlı azərbaycanlı aktrisası: "Arzularımın bir addımlığındayam" FOTO


Digərləri 09 Mar 2020 19:29:00 134 0

Hollivudun 20 yaşlı azərbaycanlı aktrisası: "Arzularımın bir addımlığındayam"  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Həyatının ən gözəl çağındadır. 20 yaşının olmasına baxmayaraq, keçdiyi yol onun üçün bir təcrübə mənbəyidir. Deyir ki, nə planlar qurursunuzsa-qurun, qismət və alın yazısı, ən çox da genetik faktorlar sizin həyatınızı istiqamətləndirəcək. 

Müsahibimiz Emiliya Qurbanova Amerikada "Beynəlxalq münasibətlər" ixtisası üzrə təhsil alsa da, daha çox aktrisa və model olaraq tanınır. 20 yaşlı diplomat Kaliforniya ştatının Los Angelos şəhərində reklam çəkilişlərinə qatılır, aktrisa kimi filmlərə çəkilir və teatrda fərqli obrazlar canlandırır. Azərbaycanlı gənc hazırda Sevinc Səfərovanın müəllifi olduğu "7 nömrəli mənzil" filmində baş qəhrəmanı canlandırır. Sözügedən film beynəlxalq film festivallarında iştirak edir.   - Siyasətlə incəsənət tamamilə fərqli istiqamətlərdir. Amma bəzən deyirlər ki, incəsənətin özündə də bir siyasət var.

- Əlbəttə ki, siyasət və incəsənət hər ikisi ayrı dünya və fərqli anlayışdır. Ancaq mən genetik kodlara da çox inanıram. Bu yola çıxarkən hədəflərim vardı. Beynəlxalq siyasətə yiyələnib, ölkəmin həqiqətlərini dünyaya çatdırmaq istəyirdim. Ancaq getdiyim bu yolda o genetik kodlar məni başqa bir dünyanın varlığına inandırdı, gözlərim önündə mənə fərqli pəncərə açdı. Anam rejissor və ssenaristdir. Onun çevrəsi, mühiti, yaşadığımız şəhər məni fərqli istiqamətdə özümü sınamağa vadar etdi. Anamın müxtəlif televiziyalarda fərqli layihələrin rəhbəri olması bizi həmin mühitdə böyüməyə vadar etdi. Biz onun televiziya, film dolu dünyasında böyümüşük. Ssenari necə yazılır, layihə necə hazırlanır, veriliş necə ərsəyə gəlir, səhnədə necə çıxış etmək lazımdır - hamısını öyrənmişik. Bunun da həyatıma təsiri çox böyük oldu. 

- Siyasi arenada nüfuz qazanmaq və söz demək üçün Hollivud nə qədər əlverişli idi?

- Həyat özü bir məktəbdir. Onu sadəcə oxumaq lazımdır. Mən ilk növbədə anam Sevinc Səfərova məktəbini, daha sonra həyat məktəbini oxudum və oxumağa da davam edirəm. Buraya gələndə hədəflərim, istəklərim fərqli idi. Bilirsiniz ki, Hollivud dünən də, bu gün də dünyada ən yaxşı film istehsal edən məkandır. Buradan beynəlxalq aləmə açılmaq daha rahat və asandır. Misal üçün, Azərbaycanda hər hansı bir mesaj çatdırmaq istəyirsənsə, bunu layihə şəklində edib, yalnız müəyyən kütləyə çatdıra bilirsən. Amerikada dünyanın müxtəlif ölkələrindən millətlər yaşayır. Burada istədiyin mesajı daha rahat şəkildə ötürmə imkanına sahibsən. 

O ki qaldı incəsənətə, mən musiqi məktəbində oxumuşam və piano dərsləri almışam. Özümü tanıyandan bədii gimnastika ilə məşğul olmuşam. Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində pianino ixtisası üzrə 6 il təhsil alıb, müxtəlif tədbirlərdə iştirak etmişəm. Bundan başqa, bal rəqslərinə getmişəm. 2012-ci ildə "Şərq ulduzları" telelayihəsində aparıcı qismində çıxış etmişəm. 2013-cü ildə "Qatillə görüş" bədii filmində baş rollardan birini canlandırmışam. Davamlı olaraq reklam çarxlarında çəkilmişəm. Ancaq mən bu ixtisasların heç birində özümü tapa bilmirdim. Öz potensialımı özümə sübut etmək üçün şahmat dərsləri ilə məşğul olmağa başladım. Bu, mənə daha maraqlı gəlirdi. Bu idman növü ilə dərindən məşğul oldum. Nəticədə, ölkə üzrə keçirilən olimpiadalara qədər gedib çıxdım. Bunların hamısı mənim hədəfim, çatmaq istədiyim yer deyildi.

- Bəs hədəfiniz nədir?

- İstək işin əsas qayəsidir. Əgər bir şeyi həqiqətən, ürəkdən istəyirsənsə, ona mütləq nail olacaqsan. Mən bunu anamdan öyrənmişəm. Əsas hədəfim Amerikada tanınmaq və özümü təsdiq etməyimdir. Aktrisa olmaq istəyən hər gəncin arzusu Hollivudda yaşamaq və burdakı kino industriyasına qatılmaqdır. Mən isə onların arzuladığı yerdəyəm. Arzularımın bir addımlığındayam, sanki bir addım atsam, ona toxunacam.    - Bəs nə zamandan aktrisa olmaq qərarına gəldiniz?

- Aktrisa fəaliyyətimə 13 yaşımdan başlamışam. Bir neçə layihədə və filmdə çəkilmişəm. Burda kurslara gedirəm, dünyaca məşhur teatr və kino ustalarından dərslər alıram. Los Angeles Teatrında bir neçə tamaşada baş rolları ifa etmişəm.    - Ən yaddaqalan obrazınız hansılardır?

- Oynadığım tamaşalardan ən sevdiyim və yaddaqalan obraz Uilyam Şekspirin "All's Well That End Well" əsərindən Helena obrazı idi. Bu obraz məndə fərqli hisslər oyatdı. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.