40 yaşlı Gülşənin ailə dramı: “Üçüncü ərim xəkəndazla, taxta ilə o qədər döyürdü ki, özümdən gedirdim”


Digərləri 29 Fev 2020 17:18:00 170 0

40 yaşlı Gülşənin ailə dramı: “Üçüncü ərim xəkəndazla, taxta ilə o qədər döyürdü ki, özümdən gedirdim”

1980-ci ildə anadan olan Gülşən Qədimova (ad şərtidir) kasıb ailənin xoşbəxt qızı olub. Ailədə dörd bacı bir qardaş olublar.

Atası sürücü işlədiyi üçün maddi vəziyyətləri yaxşı olmayıb. Bu səbəbdən də uşaqlar orta təhsil ala bilməyiblər. Gülşən yaxşı oxusa da, yeddinci sinifdən sonra təhsilini yarımçıq qoyub. Ondan sonra evdə anasına kömək edib. Evin ən böyük uşağı isə güc-bəla ilə 11-ci sinfi bitirib.

Son.az oxu.az-a istinadən yolu sığınacaqlara düşən daha bir qadının acınacaqlı həyat hekayəsini təqdim edir:

Anaların qızlarına etdiyi ən gözəl dualardan biri "Allah bəxtini gözəl etsin" demələridir. Lakin Gülşənin anasının bu duası sanki qəbul olmayıb. Onun ailə həyatında bəxti gətirməyib. Anasının təkidi ilə üç dəfə ailə həyatı quran Gülşən iki uşaq anası olsa da, ailəsinin xanımı ola bilməyib:

"Anam dedi ki, sənə geyim alacaq, doyunca yemək yeyəcəksən..."

"Ailəmiz çox kasıb olub. Anam çörək sexində çalışırdı, atam isə avtobus sürücüsü idi. İmkanımız yaxşı olmasa da, mehriban yaşayırdıq. Atam bizim üçün gecəsini gündüzünə qatıb pul qazanırdı. Amma beş uşağın hər biri üçün daim təzə paltar almaq asan deyildi. Dörd bacı bir-birimizin köhnə geyimləri ilə keçinirdik. İmkanımız çatmadığı üçün təhsil ala bilmədik. Böyük bacım 11-ci sinfi bitirdi, mən yeddinci sinfə qədər oxudum. O biri bacılarım və qardaşım isə orta məktəbi oxuya bilmədilər. Amma biz evdə birlikdə hər şeyin öhdəsindən gəlirdik.

Bir gün anam mənə dedi ki, səni evləndirmək istəyirəm. İşlədiyi yerdə bir qadın anamdan soruşub ki, qızı niyə evləndirmirsən? Ailə qursun, həm özünə, həm də sizə baxsın. İmkanlı bir ailə oğlunu evləndirmək istəyirdi. Həmin ailənin imkanı yaxşı olsa da, oğlunun bir qolu olmadığı üçün heç kim qızını ona vermirdi. Uşaq vaxtı xəsarət aldığı üçün qolu amputasiya edilmişdi. Anam mənə dedi ki, bala sənə paltar ala bilmirik, ayağında ayaqqabın yoxdur. Bir qarnı ac, bir qarnı tox yatırıq. Oğlanın bir qolu yoxdur, amma yaxşı ailədir. Sənə hər istədiyini alacaqlar. Doyunca yemək yeyəcəksən. Mən də razılaşdım. Oğlan mənə dedi ki, bu sonuncu qapıdır elçi gedirəm, xahiş edirəm sən də "yox" demə, hər şey yaxşı olacaq. 23 yaşımda onunla ailə qurdum. Çox gözəl ailə idilər. Baldızlarım məni əl üstündə saxlayırdı. Onunla altı il evli olduq. Amma övladımız olmadı. Ərimi o halı ilə qəbul etmişdim, amma ailəsi mənə şərt kəsdi. Ailənin yeganə övladı idi. Qayınanam dedi ki, süni mayalanma ilə övlad sahibi olun, oğlumun bir yadigarı olsun. Bütün var-dövlətim sizin olsun. Övladımızın olmasını mən də istəyirdim, amma süni mayalanma yolu ilə ana olmağa razı olmadım. Problem məndə yox, oğlanda idi. Qayınanam da şərt qoydu ki, ya uşağınız olsun, ya da ayrılın. Altı ay evdə bu problemlə bağlı söz-söhbət davam etdi. Sonra isə mehriban şəkildə ayrıldıq. Mən atamın evinə qayıtdım".

Rayon yerində bu kimi hallar çox söz-söhbətə səbəb olur. Gülşən ata evinə qayıtdıqdan sonra hər şeyin daha da çətin olduğunu deyir. Bu söz-söhbətlərə görə, qısa bir müddət sonra anası onun ikinci dəfə də ailə qurmasını istəyib:

"Bətnimdə körpəm ilə məni evdən qovdu"